Kubra Məhərrəmova yazır...
Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” mövzusunda keçirilən konfransda deyib ki, qadının evdəki zəhməti kişilər tərəfindən qiymətləndirilməlidir. Yəni qadın məişət qayğılarının hamısını üstünə götürürsə, buna görə evin kişisindən maaş almalıdır. Əslində yaxşı fikirdir, niyə də olmasın?! Di gəl ki, hansı tariflə hesablanacaq? Yenə kim nə qədər verdisə, o olacaq. Yenə evdə mübahisə düşəcək. Yenə qonşunun əri daha çox maaş verəcək öz arvadına.
Ondansa, yaxşı bir iş tapıb çalışmaq və maaşı şirkətdən almaq daha yaxşıdır.
Bu gün qadın peşəsi olmayan iş yoxdur. Qadın siyasətdə, ictimaiyyətdə, universitetdə, biznesdə, kosmosda, səhnədə, harada desən, var.
Amma elə sahələr var ki, orada xüsusi olaraq kişilər çalışır. Məsələn ağır sənaye, qaynaqçılıq, dəmir-polad sənayesi. Bu sahədə isə yetərincə pul, qazanc var. Yetər ki, qolunu çırmalayıb, işə keçəsən.
Türk qaynaq sənayesinin bir nömrəli istehsalçısı olan “Gedik Kaynak Holdinq” Azərbaycanda Neftçala Sənaye Məhəlləsində yeni istehsal müəssisəsini və Bakı şəhərində əlaqə ofisini açıb. Uzun illərdir Türkiyədən ixrac etdiyi məhsulların Azərbaycanda istehsalına başlayan “Gedik Kaynak Holdinq” Azərbaycanın qaynaq materialları bazarında 1 nömrəli olmağı hədəfləyir.
“Gedik Kaynak Holdinq”in başçısı isə qadındır - Hülya Gedik. Onun müavini də qadındır - Hande xanım. Bu şirkətin Azərbaycandakı təmsilçisi də qadındır - Fərəh xanım. Bunu ona görə sadalayıram ki, qadınlar çox ciddi sahələrə transfer olunurlar. Onlar heç nədən qorxmurlar. Od-alovdan da, dəmir-poladdan da.
“Gedik Kaynak Holdinq”in İdarə Heyətinin sədri Hülya Gedik deyir ki, “biz qaynaqçıyıq, iki dəmiri birləşdiririk”. Zənnimcə, qadının birləşdirə bilmədiyi heç nə yoxdur. Yetər ki, qadın istəsin. Hülya xanımın ən böyük məqsədi bu sahəyə daha çox qadını cəlb etməkdir. Özü də deyir ki, bu sahədə hər zaman iş var, yaxşı maaş var, həm də inkişaf etmək üçün imkan var.
Dəmiri birləşdirən qadının, Hülya Gediyin fikrincə, qadın və ya kişi sənəti yoxdur. Hər hansısa işdə çalışa bilən və bilməyən adam var. Holdinq bu sahəyə daha çox qadının cəlb olunmasına, daha çox qadın qaynaqçı yetişdirməyə çalışır. Çünki qadınlar zərif olduqları qədər diqqətlidirlər. Bu isə qaynaqçı sənəti üçün çox vacibdir. Həm də bu gün bir çox qadın iş tapa bilmədiklərindən şikayət edirlər. Bu sahədə isə hər zaman iş və pul var.
İndi deyəcəksiniz ki, bu ki, salon işi, kirpik qaynağı deyil, gedib ustanın yanında durub öyrənəsən.
Qaynaqçı sənətini öyrətmək üçün “Gedik Kaynak Holdinq” Azərbaycanda qaynaq sektoru üçün peşə təlimləri verəcək. Bu təlimlərdən yaxşı nəticə ilə çıxanları isə işlə təmin edəcək.
Ümumiyyətlə Holdinqin təhsil və işəgötürmə sahəsində uzun illərin təcrübəsi var. Belə ki, əsası 2010-cu ildə qoyulan İstanbul Gedik Universiteti sənaye yönümlü ixtisaslı kadrlar yetişdirir. Hazırda orada 100-ə yaxın azərbaycanlı tələbə təhsil alır. Təhsil alan tələbələrin içindən ən yaxşıları isə iş həyatına Holdinqlə birgə davam edəcəklər. Eyni sistemi “Gedik Kaynak Holdinq” Azərbaycanda da tətbiq edəcək. Peşə təlimləri verəcək, təlimçilərin içindən ən yaxşılarını da işlə təmin edəcək.
“Gedik Kaynak Holdinq”in təməli 1963-cü ildə qaynaq materialları istehsalçısı olan Gedik Kaynak tərəfindən qoyulub. Türkiyədə ilk qaynaq mühəndisi olan Gedik Kaynak 1961-ci ildə ilk qaynaq maşınında işləyib. İllər ərzində dayanmadan çalışan mühəndis şirkətini Türkiyənin ən böyük üç qaynaqçı şirkətindən birinə çevirməyi bacarıb. Bu gün Holdinqə onun qızı Hülya Gedik rəhbərlik edir. Bu qadın atasının işini davam etdirməklə yanaşı onu daha da böyütməyi hədəflənir. Hülya xanım deyir ki, “Türkiyə ilə Azərbaycan arasındakı ticarət dövriyyəsi 5 milyard dollar səviyyəsindədir. Hədəfimiz bu rəqəmi 15 milyard dollara çatdırmaqdır”.
Əminəm ki, Hülya xanım buna nail olacaq. Çünki qaynaqçılıqdan, metaldan, işdən, istehsaldan danışarkən qadının gözləri parlayır və bu sahəni necə sevdiyi hiss olunurdu.
Bu gün dünyanın hər yerində yetərincə uğurlu qadınlar var. Onlar milyardlıq biznesləri idarə edir, holdinqlərə rəhbərlik edir, Olimpiya çempionu olur, Nobel mükafatı əldə edirlər.
Kənardan baxanda bu uğurlar hamıya asan görünür. Lakin bir az araşdırdıqca uğurun arxasında necə ağır zəhmətin durduğu görünür.
Hülya xanımla danışanda dedi ki, hamı bunun qadın işi olmadığını deyir: “Mən isə bu sözə hirslənirəm. Bəli, sənayedə qadın olmaq asan deyil, amma mümkündür”.
Türkiyənin böyük sənaye şirkətinin qadın rəhbəri Hülya xanım Azərbaycanda inqilab edəcəyindən əmindir. O, azərbaycanlı qadınları qaynaqçı sahəsinə dəvət edir. Onlara bu sənəti öyrətməyə hazır olduğunu bildirir. Bu şansdan yararlanaraq 1500-dən çox insan çalışdığı “Gedik Kaynak Holdinq”ə bizim qadınlar da qoşula bilər.
Qeyd edim ki, “Gedik Kaynak Holdinq” 20-22 oktyabr tarixləri arasında “Baku Build” sərgisində məhsullarını tanıdır və müştəriləri ilə görüşür.