Dünyada olduğu kimi Azərbaycanda da texnoloji imkanların genişlənməsi, rəqəmsallaşmaya doğru meyillərin artması və müxtəlif səbəblərdən dolayı sosial medianın demək olar ki, həyatımızın ayrılmaz hissəsinə çevrilməsi kibertəhlükəsizlik tədbirlərini gücləndirməyi labüd edir.
Son dövrlər kibertəhdidlərin və hücumların sayının artması ilə əlaqədar ölkəmizdə kibertəhlükəsizlik həlləri təqdim edən “Kaspersky” şirkətinin Azərbaycanda rəsmi təmsilçisi Müşviq Məmmədov ilə müvafiq sahədə hansı həllərin tətbiq edildiyini və insanların tez-tez rast gəldiyi rəqəmsal təhlükələrlə bağlı danışdıq.
Oxu.Az müsahibəni təqdim edir:
- Müşviq bəy, ilk növbədə istərdim ki, fəaliyyət sahəniz barədə məlumat verəsiniz.
- “Kaspersky” dünyada, eləcə də Azərbaycanda kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərir. Biz həm ev istifadəçilərinin, həm də şirkətlərin kibertəhlükəsizliyini təmin edir və bunun üçün istifadəçilərimizə müvafiq həllər təklif edirik.
- Bu sahədə peşəkar olaraq fəaliyyətə nə zaman başlamısınız? Müvafiq sahədə ilk uğurlarınızdan danışın.
- “Kaspersky” şirkətində çalışmağa başlamamışdan bir müddət əvvəl Azərbaycanın yerli şirkətində təhlükəsizlik sistemlərinin quraşdırılması ilə məşğul idim. Daha doğrusu, həmin şöbənin rəhbəri idim. Şirkətlərdə, böyük qurumlarda girişə nəzarət, müşahidə sistemlərinin quraşdırılmasını təmin edirdik. O zaman məlum oldu ki, şirkətlərin fiziki təhlükəsizliyini təmin etmək onların ümumi təhlükəsizlik səviyyəsini müəyyən dərəcədə həll edir. Cinayətkarlara hər hansı bir infrastruktura müdaxilə etmək üçün artıq fiziki cəhətdən orada olmağa ehtiyac qalmır. Əgər hər hansı bir şirkətin cihazı internetə qoşulubsa və müvafiq müdafiə həlləri tətbiq edilməyibsə kibercinayətkar həmin infrastruktura müdaxilə edərək öz bədniyyətli əməllərini həyata keçirə bilər. Həmin dövrlərdən kibertəhlükəsizlik məsələsi mənim üçün çox maraqlı idi və dünyada tanınmış bir şirkət olan “Kaspersky”, “Azərbaycanda rəsmi təmsilçi” vakansiyasına əməkdaş axtaranda o zaman mən də sənədlərimi təqdim etdim və bu komandanın bir üzvünə çevrildim.
- Nəyə görə bu sahəni seçmisiniz?
- Əvvəlki işimlə əlaqədar bu sahə mənim üçün maraqlı idi. Həmçinin ixtisasım da kibernetika üzrədir. Mən Tətbiqi riyaziyyat və iqtisadi kibernetika fakültəsini bitirmişəm. O zamanlar viruslar çox yayılmışdı, söhbət 90-cı illərin sonu 2000-ci illərin əvvəllərindən gedir. Təbii ki, biz onda da “Kaspersky” antivirusunu tanıyırdıq. Bu şirkət dünyada olduğu kimi Azərbaycanda da məşhur idi. Onun təqdim etdiyi həllərdən istifadə edilirdi. Üstəlik, kibertəhlükəsizlik sahəsinin olduqca maraqlı sahə olduğunu nəzərə alsaq “Kaspersky”də fəaliyyətə başlamağa qərar verdim.
- Hazırda kibertəhlükəsizliyi təmin etmək üçün hansı addımları atırsınız?
- Biz Azərbaycanda kibertəhlükəsizliyi təmin etmək üçün müvafiq həllər tətbiq edir və onların satışını həyata keçiririk. Lakin, kibertəhlükəsizlik həllərinin satışı ilə istifadəçilərin müdafiəsini təmin etmək kifayət etmir. Kibertəhlükəsizlik sahəsində bilik səviyyəsinin artırılması istiqamətində də insanları maarifləndirmək çox vacibdir. Biz bu istiqamətdə də işlər görürük. Müxtəlif tədbirlərdə iştirak edir, medianın köməyi ilə çıxışlar edirik. İstifadəçilərə onların kiber məkanda təhlükəsizliklərinin özlərindən asılı olduğunu çatdırmağa çalışırıq. Biz həllər irəli sürə bilərik, lakin şəxs öz məlumatlarını kiməsə düşünmədən ötürürsə burada heç bir həll onu xilas edə bilməz. Buna görə də hər bir istifadəçi ilk növbədə özü ehtiyatlı olmalıdır.
Vacib həllərimizdən biri də uşaqları internetin mənfi təsirindən qorumaqla bağlıdır. Doğrudur, indi uşaqlar texnologiya sahəsində valideynlərdən daha çox məlumatlıdırlar, lakin valideynlər qədər həyat təcrübəsinə malik deyillər. Bu, onların hansısa bədniyyətli şəxslərin, kibercinayətkarların qurbanı olmalarına şərait yaradır. İlk növbədə valideynləri bu məsələdə diqqətli olmağa çağırırıq və onlara, uşaqlara valideyn nəzarətində kömək ola biləcək tətbiqlər təklif edirik. Valideynlər bu tətbiqləri quraşdırmaqla uşaqlara nəzarəti həyata keçirə, onların hansı saytlara daxil olduqlarını, “Google”da hansı sözü axtarışa verdiklərini, hansı proqramı yükləmək istədiklərini, rəqəmsal dünyada nə ilə məşğul olduqlarını, kiminlə yazışdıqlarını və hətta, harada olduqlarını izləyə bilərlər. Nəzərə almaq lazımdır ki, uşaqlar sosial şəbəkədə kimlərinsə qurbanı ola bilərlər. Bu məsələ indi çox aktualdır. Ona görə də müvafiq sahədə daha çox xidmət göstərməyə çalışırıq. Lakin, istənilən halda valideynlər bu tətbiqləri quraşdırmadan əvvəl uşaqlara bunun onlar üçün nə qədər xeyirli olduğunu izah etməlidirlər. Daha əvvəl müştərilərimizdən birinin uşağı gəlib, “artıq telefondan istifadə etməyəcəm, hər şeyi güdürsünüz”, - dedi. Nəzərə almaq lazımdır ki, bu tətbiqlər uşaqları güdmək üçün deyil, sadəcə təhlükəli məqamlar olduqda valideynin uşağı xəbərdar edib onu qoruması üçündür.
Tətbiq vasitəsilə siz uşağa xəbərdarlıq edə bilərsiniz. Əgər o sizin xəbərdarlığınıza məhəl qoymayıb hansısa sayta giriş edirsə, bu zaman siz bildiriş alacaqsınız. Siz ona ilk dəfə “belə şey etmək olmaz, xəbərim var”, - deyə bilərsiniz. Gələn dəfə isə uşaq yenidən sizin təhlükəli hesab etdiyiniz sayta giriş etmək istədikdə, artıq ona məhdudiyyət tətbiq edirsiniz. Bununla da uşaq həmin sayta giriş edə bilmir. Eyni zamanda o tətbiqi telefondan silə də bilmir. İnterneti bağladıqda sizə bu barədə bildiriş gəlir və bu tətbiq hər hansı mobil operatora bağlı olmadığından istənilən internet şəbəkəsində çalışır, çünki tamamilə cihaza bağlıdır.
- Xüsusilə, uşaqlar və yeniyetmələr rəqəmsal dünyada hansı kiber təhdidlərlə üzləşirlər? Bu barədə araşdırma aparmısınız?
- Bəli, araşdırma aparmışıq. Əsasən 13 yaşdan yuxarı yeniyetmələrin kibercinayətlərin qurbanı olmaq ehtimalları artır. Çünki, onlar müxtəlif sosial şəbəkələrdən, internetdən daha aktiv şəkildə istifadə edirlər.
- Azərbaycanda kibertəhlükəsizliyi təmin etmək üçün müvafiq sahədə tətbiq etdiyiniz yeniliklərdən danışa bilərsiniz?
- Bu məqamda xüsusilə uşaqların kiber məkanda təhlükəsizliyini təmin etməyə yönəlmiş layihəmizi qeyd edə bilərəm. Bu sahədə müxtəlif maarifləndirmə işləri həyata keçiririk. Son vaxtlar bank kartları ilə əlaqədar hücumların sayı artıb. İstifadəçilər “fishing”in qurbanı olurlar. Bilirsiniz, dələduzlar bankın rəsmi saytına tam oxşar, saxta bir sayt yaradırlar və müştəri aldanaraq bura öz məlumatlarını daxil edir. Nəticədə dələduzların qurbanları pullarını itirməklə yanaşı bütün məlumatlarını kibercinayətkarlara ötürmüş olurlar. Bu bazalar yığılaraq daha sonra onlara qarşı istifadə edilir.
İnsanlar indi tez-tez telefon dələduzlarının da qurbanı olurlar. Öz məlumatlarını qarşı tərəfə bilmədən ötürürlər. Biz son vaxtlar bankların onlayn xidmət istifadəçisinin müvafiq müştəri və ya hansısa cinayətkar olduğunu anlaması üçün mobil və internet bankçılığın müdafiə həllərini tətbiq etməyə başlamışıq. Lakin istənilən halda bank istifadəçiləri özləri də diqqətli olmalıdırlar.
- Sizi ölkədə rəqib şirkətlərdən fərqləndirən nədir?
- İstifadəçilərimiz məhsullarımızın etibarı və daha sadə idarə edilə bilən olduğunu qeyd edirlər. Korporativ müştərilərə gəldikdə isə onlarla işə yanaşmağımız da üstünlüyümüzdür. Əksər korporativ müştərilərimiz bilir ki, mənim telefonum yeddi gün, 24 saat işləyir. Əgər hər hansı bir insident baş verərsə istənilən vaxt mənimlə əlaqə saxlaya bilərlər. Bəzən gecə saat 1 radələrində də zəng ediblər. Biz onlara köməklik göstərmişik. Elə problem var ki, onu gecə də olsa həll etmək lazımdır. Siz “interneti söndürüb sabah həll edə bilərik” - deyə düşünə bilərsiniz, lakin elə deyil. Əgər söhbət xüsusilə böyük şirkətlərdən gedirsə onların biznes prosesləri dayanmamalıdır.
- Sizcə insanlara kibertəhlükəsizliyi təmin etməkdə nə mane olur? Onlara hansı amilləri diqqətə almağı tövsiyə edirsiniz?
- Bir çox istifadəçilər, xüsusilə də biznes subyektləri kibertəhlükəsizlik həllərindən istifadənin vacibliyini dərk etməlidirlər. Bəzən insanlar düşünə bilər ki, axı kimdi mənim məlumatlarımla maraqlanan? Lakin hər hansı bir hadisə baş verdikdə bu insanlara çox pis təsir edir, hələ maddi itkiləri nəzərə almasaq. Məsələn, sizin telefonunuzda səyahətdə olduğunuz müddətdən fotolarınız var. Lakin cihazınıza virus düşdüyündən onların hamısı silinir. Siz artıq həmin fotolara baxa bilmədiyinizdə anlayırsınız ki, nə itirmisiniz. Bu itkini dəyərləndirmək mümkün deyil. Belə hallar indi tez-tez baş verir.
- Təcrübələrinizdən irəli gələrək deyə bilərsinizmi, gələcəkdə hansı kibertəhdidlərlə daha çox qarşılaşa bilərik? Bu barədə analizlər aparmısınız?
- Əlbəttə, daim aparırıq. Ənənəvi olaraq cinayətkarları pul olan sahələr maraqlandırır. Pul isə maliyyə qurumlarında, banklardadır. Ona görə də əsas hücum hədəfi banklardır. Son vaxtlar tez-tez rastlaşdığımız və davam edəcəyini düşündüyümüz hücumlar sənaye obyektlərinədir. Onlar sənaye müəssisəsinin avtomatlaşdırılmış idarəetmə sistemlərinə hücum etməklə istehsal prosesini dayandırır, onun bərpası üçün müəyyən ödəniş tələb edirlər. Əgər kiberhücum olunubsa istehsal prosesi dayana, bu dayanmanın hər dəqiqəsi milyonlarla itki ilə nəticələnə bilər. Biz görürük ki, bu cür hücumlar getdikcə artır.
Telefon dələduzları var. Onlar sosial şəbəkələrdən şəxs haqqında maksimum məlumat yığırlar ki, kiberhücum etmək istədikdə həmin adama zəng edən zaman daha inandırıcı olsunlar. İndi sosial mediadan məlumat yığmaq o qədər də çətin deyil.
Kriptomayner hücumları da çox yayılıb. Müəyyən qədər kriptomaynerə çox adam ciddi yanaşmır. “Uzaq başı cihazımda kriptomayner olacaq”, - deyirlər. Lakin, bu zaman telefonun resurslarından, yaddaşından, internet şəbəkəsindən istifadə edilir. Bu cihazı tam yararsız hala gətirib çıxara bilər. Onu yaradanlar istənilən vaxt kodu dəyişib başqa bir proqrama çevirə, başqa bir komanda verə bilərlər. Buna görə də istifadəçilər öz cihazlarını qorumalı, antivirus həlləri quraşdırılmalıdırlar.
- Rəqəmsal dünyada daha çox vaxt keçirən gənclərə nə məsləhət görərdiniz?
- Rəqəmsal dünyadan istifadə edərkən diqqətli olsunlar. Gənclərin bu sahədə bilikləri çoxdur, lakin bütün boş vaxtlarını cihazlara, onlayn əyləncələrə həsr etməsinlər. Sosial şəbəkələrdən və ya onlayn xidmətlərdən istifadə edərkən təhlükə hiss edən zaman böyüklərlə bölüşməkdən çəkinməsinlər. Çünki texnologiya sahəsində bilik sahibi olsalar da, onların həyat təcrübələri böyüklərdən çox ola bilməz.
- Bəs, bu sahədə mütəxəssis kimi yetişmək istəyənlərə tövsiyəniz nədir?
- İlk növbədə bu sahədə təhsil almaq lazımdır. Bizim “Kaspersky Academy” proqramınız var. Proqram çərçivəsində müxtəlif ölkələrdə təhsil nazirlikləri, eləcə də universitetlərlə əməkdaşlıq edirik. Azərbaycanda da bu istiqamətdə danışıqlar gedir. Təkcə tələbələrin yox müəllimlərin hazırlanması istiqamətində proqramlarımız mövcuddur. Biz universitetlərlə müqavilələr çərçivəsində proqram vasitəsilə müəllim və tələbələri hazırlaya bilirik.
Bu sahədə maraqlı olan şəxslər üçün bizim təlimatlarımız, təlimlərimiz var. Bütün məlumatlar saytımızda mövcuddur. Öz tərəfimizdən hər bir köməkliyi göstərməyə hazırıq. Həmçinin partnyor şirkətlərimiz var ki, maraqlı olanlar müraciət edə bilərlər. Biz müvafiq bilikləri əldə etmək üçün hər bir dəstəyi göstərə bilərik.
“Kaspersky” təmsilçisi: “Kiberhücum zamanı şəxs və ya şirkət haqqında ətraflı məlumat toplanılır” - MÜSAHİBƏ
Rəylər