"IT SkillSprint" beynəlxalq təhsil proqramı dövlət, universitet və sənaye əməkdaşlığı əsasında qurulan "Triple Helix" ("Üçlü spiral") modeli üzrə həyata keçirilib. Altı ay davam edən proqramı başa vuran tələbələrin 29 faizi artıq işlə təmin olunub, iştirakçıların əldə etdikləri akademik kreditlər isə universitetlər tərəfindən tanınacaq".
Oxu.Az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Rəqəmsal səriştələrin inkişafı departamentinin müdiri Vüsalə Qurbanova Bakıda keçirilən "IT SkillSprint" beynəlxalq təhsil proqramının bağlanış mərasimi çərçivəsində deyib.
O bildirib ki, layihə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, ali təhsil müəssisələri və beynəlxalq tərəfdaşların əməkdaşlığı əsasında həyata keçirilib:
"Layihə universitet, sənaye və dövlət üçbucağı üzərində qurulan yanaşma ilə həyata keçirilir. Beynəlxalq aləmdə bu model "Triple Helix" adlanır. Bu, iqtisadi inkişafın və innovasiyaların formalaşması üçün dövlət, universitet və sənaye arasında əməkdaşlıq mexanizmini təsvir edən strateji yanaşmadır. Eyni zamanda innovasiya ekosisteminin əsas hərəkətverici qüvvələrindən biridir".
V.Qurbanova əlavə edib ki, layihənin dövlət tərəfini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Elm və Təhsil Nazirliyi, universitet tərəfini ölkənin ali təhsil müəssisələri, sənaye tərəfini isə beynəlxalq reytinqlərdə ön sıralarda yer alan İspaniyanın "IT bootcamp" təminatçısı olan "Ironhack" şirkəti təmsil edib:
"Bütün iştirakçılar proqramı uğurla başa vuraraq universitetlərinə qayıdıblar və əldə etdikləri akademik kreditlər ali təhsil müəssisələri tərəfindən tanınacaq. Bu isə o deməkdir ki, tələbələrin "bootcamp" çərçivəsində qazandıqları bilik və bacarıqlar onların universitet təhsilinin bir hissəsi kimi qəbul ediləcək".