Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Xətai rayonunda ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib - FOTO
Dekabrın 11-də Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı “Nə qədər ki Azərbaycan var, mən də varam…” mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları öncə Xətai rayonunda yerləşən Heydər Əliyev Parkında ulu öndərin abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla anıblar.
YAP Xətai rayon təşkilatının qərargahında davam edən tədbirdə ulu öndər Heydər Əliyevin və torpaqların azadlığı uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.
Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.
Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, ümummilli lider Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən ilk olaraq göz önünə onun xilaskarlıq missiyası gəlir. Dahi şəxsiyyətin hakimiyyətinin hər iki dövrü bu missiyanı müəyyən mənada özündə ehtiva edir. Daim qeyd edilir ki, ulu öndər Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Onun hakimiyyətinin birinci dövrü Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu öndərin tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərdi, özünüdərki və soykökə qayıdışı təmin etdi, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrildi.
Rafiq Quluyev qeyd edib ki, ümummilli lider hakimiyyətinin birinci dövründə Azərbaycanı keçmiş İttifaqın ən geridə qalmış respublikasından ən qabaqcıl diyarına çevirdi. Dahi rəhbər 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra müstəqilliyini, bir dövlət olaraq varlığını itirmək təhlükəsi ilə üz-üzə qalan Azərbaycanı həmin dövrün xaosundan, anarxiyasından, iqtisadi böhranından, torpaqlarının işğalından xilas etdi. Bir sözlə, Azərbaycanı yenidən qurdu. Ümummilli liderin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər xalqımızın böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir.
Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov, Vətən Müharibəsi Qəhrəmanları Zaur Quliyev və Zaur Hüseynov, şəhid polkovnik-leytenant Babək Ramaldanovun atası Meyvəddin Ramaldanov çıxışlarında tarixi Zəfərimizi şərtləndirən amillər sırasında Azərbaycan Ordusunun gücünü, qüdrətini, ən əsası Vətən, torpaq sevgisini xüsusi vurğulayıblar. Gənclər adından çıxış edən 6 saylı “ASAN xidmət”in baş mütəxəssisi, Vətən müharibəsi şəhidi Kamaləddin Məmmədzadənin bacısı Ülkər Məmmədzadə bildirib ki, gənclərə diqqət və qayğı, onların milli ruhda tərbiyə edilməsi ümummilli liderin fəaliyyətində xüsusi yer tuturdu.
Sonda ümummilli lider Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.