Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Kosmonavtika günü və Qaqarinin ölümündəki sirr – FOTO
Bu gün dünyada Kosmonavtika günü kimi qeyd edilir.
Bəs bu günün tarixi necə yaranıb?
Oxu.Az sizi 12 aprel 1961-ci ilə qaytaracaq.
Səhər 06:07. Yuri Qaqarin “Vostok 1” kosmik gəmisi ilə fəzaya qalxır və 108 dəqiqəlik uçuş gerçəkləşdirir.
“Vostok 1” 1960-cı illərdə ABŞ və SSRİ arasında olan “Kosmos yarışları”nda Rusiyanı ön plana çıxaran layihə idi.
Ağırlığı 4725 kq olan kürə şəklindəki bu gəmini idarə etmək üçün 20 kosmonavt arasından German Titov və Yuri Qaqarin seçildi.
İkisi də gənc və uğurlu pilotlar idi. Ancaq Qaqarin kənddə böyüdüyü üçün daha uğurlu pilot hesab edildi və fəzaya göndərildi.
Həmin illərdə “Kosmos yarışları”nda xeyli kosmonavt həyatını itirdiyinə görə, Qaqarin sonadək ailəsinə fəzaya çıxacağını deməmişdi.
“Tanıdığım və tanımadığım dostlar, vətəndaşlar və bütün dünyanın insanları, az sonra güclü bir sovet gəmisi məni kosmosun dərinliklərinə qərq edəcək. Bütün həyatım gözlərimin önündədir.
Məndən gözlənilən şeyi etmək üçün var gücümlə çalışacağam” -, deyə Yuri uçmamışdan bir neçə dəqiqə əvvəl demişdi.
Və nəhayət, Qaqarin Qazaxıstanda yerləşən dünyanın ən böyük kosmik stansiyası – Baykonurdan hərəkətə keçir.
06:07-də hərərəkə keçən Yuri 06:25-də Sakit okeanı çarpaz şəkildə qət edib, 06:49-da dünyanın gecə olan tərəfinə keçdiyini bildirmişdi.
07:00-də Cənubi Amerikanı fəth edən Qaqarin Magellan Boğazını keçir. 07:25-ə qədər onun göndərdiyi mesajlar kosmik mərkəzə çatmır.
Atlantik okeanı keçən “Vostok 1” Anqolaya yaxınlaşarkən motorlar yanmağa başlayır.
Xidmət modulu ilə eniş modulunun ayrılması üçün əmr veriləndən sonra modullar bir-birindən ayrılmır. Kabellər sıxışır və bu, 10 dəqiqə davam edir.
Modullar ayrılmadığına görə kapsullar aerodinamik problem yaşayır və fırlanmağa başlayır. Sonda kabellər yanır və kapsullar ayrılır.
07:35-də Misiri keçən “Vostok 1” 07:55-də Kiprin qərb hissəsindən keçərək Türkiyə səmalarını da ötür. Qara dənizi geridə qoyan Qaqarin Krasnodar yaxınlığında SSRİ-yə giriş edir.
Bir ana və uşağı tərəfindən görülən narıncı rəngli qəribə geyimli adam “Moskvaya zəng etmək üçün mənə telefon lazımdır” deyir. Missiya tamamlanmışdı!
Qaqarinin paraşütlə eniş etdiyi bir müddət gizli saxlanılmışdı.
O, artıq SSRİ-nin uğur ikonu, dünyanın danışdığı ad idi. Medallar və nişanlar aldı.
Pilotluq və kosmonavtlıq təhsili olmasına rəğmən, bir müddət uçuşlara getməsinə icazə verilmədi. Səbəbi isə beynəlxalq uğurunun olması idi. Çünki Qaqarinə heç nə olmamışdı...
Şöhrəti artdıqca onun haqqında şayiələr yayılmağa başlayırdı. Bunu, əsasən, onu gözü götürməyənlər və uğurunu həzm edə bilməyənlər edirdi. Onlar Qaqarini eqoist, alkoqol düşkünü olmaqda ittiham edirdilər.
Yuri “Vostok 1”dən sonra “MIG-15” adlı təyyarə ilə mütəmadi uçuşlar edirdi. Son uçuşu zamanı müəllimi ilə birgə həyatını itirdi.
Qaqarinin ölümündən sonra dövlət gizlilik qərarı aldı və mediaya o gün yaşanan hadisə bir sirr olaraq qaldı.
Ancaq hadisədən 50 ildən çox vaxt keçsə də, bu gün müxtəlif iddialar gündəmdədir.
İlk etapda onun içkili olduğu üçün təyyarə ilə qəza etdiyi söylənilsə də, edilən testlər nəticəsində belə bir şeyin olmadığı isbat olundu.
Eyni gün başqa bir təyyarənin Qaqarinin olduğu təyyarəni qəzaya uğratdığı deyilir.
O, 21 aprel 1961-ci ildə “Time” dərgisində “Kosmosdakı adam” başlığı ilə üz qabığında yer alıb.
Ancaq bu gün ABŞ-ın kosmosda olan fəaliyyəti ön plana çıxıb, halbuki sovetin kosmosdakı işləri, raketlərin inkişafındakı təsiri və qəhrəman kosmonavtları daha çox olub.
“Vostok 1” gəmisi hazırda Rusiya RKK Enerji Muzeyində saxlanılır.
Bundan başqa, dünyanın bir çox ölkəsində Qaqarinin heykəlləri var.
Dünyanın dörd bir yanında “Yuri gecəsi” təşkil olunur və 12 aprel Kosmonavtika günü kimi qeyd edilir.
Pərviz Hüseyn
www.oxu.az