Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Puşkinin övladlarının taleyi - TARİXİ FAKTLAR+FOTO
Rus romantik ədəbiyyatının görkəmli nümayəndəsi olan Puşkin Rusiyanın "ən böyük şairi" və müasir rus ədəbiyyatının banisi sayılır. 1837-ci il yanvarın 27-də Danteslə duelə çıxan Puşkin qarnından ölümcül yaralandı və 2 gündən sonra, 1837-ci il yanvarın 29-da vəfat etdi. Nümayişlərin başlayacağından ehtiyat edən çar, Puşkinin nəşini Peterburqdan məxfi şəkildə çıxarılmasını əmr etdi. Bəs Puşkinin ölümündən sonra övladlarının taleyi necə oldu?
Oxu.Az Puşkinin övladlarının taleyi ilə bağlı yazını təqdim edir.
Şair öldükdən sonra imperator I Nikolay “Dul arvadına pensiya və qızlarını ərə vermək. Oğlanlarını əyanların yanına vermək və hər birinin tərbiyəsinə 1500 rubl ayırmaq” əmrini verdi.
Aleksandr Puşkin və Natalya Qonçarovanın dörd övladı - iki oğlu, 2 qızı var idi. Övladların böyüyü Mariya atası öləndə cəmi 5 yaşında idi. Ailənin kiçik övladı Natalya isə 8 aylıq idi.
Mariya Aleksandrovna Puşkin
Şairin böyük qızı Mariya Alekseyevna, Hannibalın (Puşkinin nənəsi) şərəfinə adlandırılıb. Mariya ali təhsil aldıqdan sonra 1852-ci ildə adaşı, II Aleksandrın həyat yoldaşı Mariya Aleksandrovnanın freylinası (Pyotrdan sonrakı Rusiyada sarayda qadın rütbəsi) oldu. Puşkinin qızı 28 yaşında general-mayor Leonid Qartunqla ailə qurdu. Leonid Tula və Moskvada imperatorun at zavodlarının rəhbəri idi.
Amma Mariyanın ailə səadəti uzun müddət davam etmədi. Onun əri haqsız yerə mənimsəmədə ittiham edildiyi üçün intihar etdi. Mariyanın övladları yox idi, o, qardaşı Aleksandrın uşaqlarını tərbiyə etməyə başladı. Mariya uzun illər atasına həsr edilən tədbirlərdə iştirak etdi. Bacısının və qardaşlarının ölümlərini gördü. Mariyaya Oktyabr inqilabından sonra şəxsi təqaüd verildi. 1919-cu ildə Mariya Aleksandrovna Puşkina-Qartunq vəfat etdi.
Aleksandr
XX əsrin əvvəllərində oğul Aleksandr Puşkinin iştirakı ilə keçirilən tədbirləri işıqlandıranda ağsaçlı generalın şairin oğlu olduğunu bilirdilər. Aleksandr həqiqətən də atasına bənzəyirdi.
İmperatorun sərəncamına əsasən, Aleksandr hərbi təhsil alır. Aleksandr Puşkin Krım müharibəsində iştirak edir və 1869-cu ildə polkovnik rütbəsinə qədər yüksəlir. 1877-1878-ci illərdə baş verən rus-türk müharibəsində Puşkin Narv qusar polkuna rəhbərlik edir, üzərində “Cəsurluğuna görə” yazılmış qızıl silah və dördüncü dərəcəli “Müqəddəs Vladimir” ordeni ilə mükafatlandırılır.
1880-ci ildə Aleksandr Aleksandroviç Puşkinə general-mayor rütbəsi verilir və kavaleriya diviziyasında 13-cü briqadanın komandiri təyin edilir. 1890-cı illərdə Puşkin təhsilin inkişafı ilə məşğul olur. Moskva İmperator Kommersiya məktəbində tədris hissə müdiri işləyir, Yekatrininsk və Aleksandrovsk qadın institutlarının tədris şurasının üzvü olur.
Puşkinin oğlu iki dəfə evlənmişdi, ilk arvadı ögey atasının qardaşı qızı Sofya Lanskaya idi. Sofya uşaqlıqdan yetim idi və Puşkinin uşaqları ilə bir evdə böyümüşdü. Kilsə yaxın qohum olduqları üçün bu nikaha yaxşı baxmırdı və onu qadağan edirdi. Aleksandr imperatordan yardım istəməli oldu. İmperator II Aleksandr toya icazə verdi. Cütlüyün 15 illik nikahından 11 övladı dünyaya gəldi və Sofya 37 yaşında dünyasını dəyişdi. Arvadının ölümündən 8 il sonra Aleksandr Puşkin ikinci dəfə evləndi. Onun ikinci arvadı Mariya Pavlovadan iki övladı dünyaya gəldi.
Kavaleriya generalı Aleksandr Puşkin 1914-cü ilin 1 avqust tarixində, Birinci dünya müharibəsi başlayan gün vəfat etdi.
Generalın 13 övladından 11-i uzun müddət yaşadı. Qriqori Aleksandroviç atasının yolunu davam etdirdi və polkovnik rütbəsinə qədər yüksəldi. Onun oğlu Böyük Vətən müharibəsi illərində xüsusi təyinatlı partizan dəstəsində vuruşub, alman qoşunlarının arxa xəttində aparılan əməliyyatlarda iştirak etmişdi. Sonra isə Xarkov, Kerç, Kursk və Dnepr uğrunda gedən döyüşlərə qatılmışdı. Müharibədən sonra isə Puşkin Moskva cinayət axtarış şöbəsində çalışıb.
Qriqori
Puşkinin kiçik oğlu Qriqori də böyük qardaşı kimi hərb sənətini seçsə də, uğur əldə edə bilmədi. Paj korpusunu bitirdikdən sonra polkovnik-leytenant rütbəsinə qədər ucaldı və 1865-ci ildə bu rütbə ilə təqaüdə çıxdı. 1870-ci illərdə Qriqori Puşkin Opoçesk uyezdində hakim işlədi. O, eyni zamanda Peterburq dairə məhkəməsində də çalışırdı.
XIX əsrin sonlarına qədər Qriqori Mixaylovskdakı ailə mülkündə yaşayırdı. O, atasının kabinetini sahmana salmışdı. Bu otaqda Puşkinin əşyaları və kitabları var idi. Sonradan bu memorial otaq muzeyə çevrildi.
Qriqori Puşkin 1899-cu ildə Vilno ətrafında arvadının evinə köçdü və ömrünün son illərini burada yaşayaraq xeyriyyəçiliklə məşğul oldu. Qriqori 1905-ci ilin yayında vəfat etdi.
Natalya
Şairin kiçik qızı Natalya Puşkinanın həyatı bir roman üçün əsl süjet xəttidir. Müasirləri etiraf edirlər ki, Aleksandr Puşkinin övladları arasında ən çox Nataşanın xasiyyəti atasına bənzəyib. Qətiyyətli, sərt, çılğın Nataşa qohumlarına problemlər də yaşadıb. Gənclik dövründə Natalya gözəl idi, o, knyaz Nikolay Orlova aşiq olmuşdu. Knyaz da bu eşqə biganə deyildi, amma atası bu xoşbəxtliyə mane oldu. Jandarma şefi olan Aleksey Fyodoroviç Orlov hesab edirdi ki, Puşkinin qızını onun ailəsinə yaraşmayan gəlindir.
Natalya bir müddət sonra Dubelt adlı qumarbaza aşiq oldu. Anası və ögey atası 17 yaşlı Nataşanı fikrindən daşındırmaq istəsələr də, məsələ toya qədər gedib çatdı. Nataşa üç uşaq dünyaya gətirdi. Amma cütlük bir müddət sonra boşandı. Dubelt təhdidlərlə arvadını geri qaytarmağa çalışsa da, buna nail ola bilmədi. Boşanma prosesi 6 il çəkdi və 1868-ci ildə başa çatdı.
Hələ 1856-cı ildə, ərdə olan Natalya şahzadə Nikolay-Vilhelm Nassauskla eşq yaşadı. 1868-ci ildə rəsmi olaraq ərindən boşanan Natalya şahzadə ilə ailə qurdu və üç övlad dünyaya gətirdi: Sofya, Aleksandra və Georg-Nikolay. Maraqlıdır ki, Puşkinin nəvələri rus imperator evi ilə qohum oldu. Sofya I Nikolayın nəvəsi knyaz Mixail Mixayloviçə ərə getdi. İmperator III Aleksandr nikaha icazə vermədiyi üçün cütlük Rusiya sərhədlərindən kənarda yaşamağa məcbur oldu. Georg-Nikolay isə sonradan II Aleksandrın doğma qızı ilə evləndi.
Puşkinin kiçik qızı Natalya Aleksandrovna Puşkin-Dubelt 1913-cü ilin may ayında Kann şəhərində vəfat etdi.
"Maraqlı" teqi üzrə xəbərlər
- Dəri xərçəngini erkən mərhələdə aşkar edən plastır yaradılıb
- Alimlərdən yeni kəşf: Ələ əlavə edilən bir barmaq insanı mükəmməlləşdirir
- Fransa və ABŞ-nin Ukrayna üzərindən çirkin oyunları - ŞƏRH + FOTO
- ABŞ kəşfiyyatı Azərbaycan-Ermənistan münasibətlərinə zərbə vurur - ŞƏRH + FOTO
- Sürücülərin illərlə çözülməyən dərdinə çarə axtarılır: Cərimə artırılacaq, yoxsa parklanma yerləri? - FOTO