Amerika Birləşmiş Ştatlarında baş verən meşə yanğınları artıq 11 ştatın ərazisinə yayılıb. Ötən 24 saat ərzində ölkə boyu daha 77 yeni yanğın ocağı qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Aif.ru yayıb.
Alovun ən aktiv olduğu bölgələr Böyük Hövzə, Alyaska, həmçinin dövlətin şimal-qərb və cənub-qərb regionlarıdır. Son hesabatlara əsasən, sadəcə Yuta ştatında yanğın 9 min hektardan çox əraziyə yayılıb.
Bildirilir ki, yanğınların söndürülməsinə 6 minə yaxın xilasedici və yanğınsöndürən cəlb olunub.
Məlumata görə, cari ilin başlanğıcından bəri ABŞ ərazisində ümumilikdə 34 262 təbii yanğın faktı rəsmiləşdirilib və nəticədə 1.1 milyon hektardan artıq torpaq sahəsi külə dönüb. Bu, həm yanğınların sayına, həm də zərərçəkmiş sahəyə görə orta göstəriciləri üstələyir.
Qeyd edək ki, meteoroloqlar ölkənin qərb regionlarının əksər hissəsində havanın quru və rekord dərəcədə isti keçəcəyi barədə xəbərdarlıq edirlər.