ABŞ-də həbsdə saxlanılan Venesuelanın sabiq prezidenti Nikolas Maduronun işinə baxan Nyu-Yorkun Cənub Dairəsi üzrə federal hakim Elvin Hellerştayn 92 yaşında vəfat edib.
Oxu.Az "The New York Times" qəzetinə istinadən xəbər verir ki, bu barədə məhkəmənin nümayəndəsi məlumat verib.
Nəşrin məlumatına görə, Hellerştayn oktyabrın 28-də səhər saatlarında dünyasını dəyişib.
Hellerştayn 1998-ci ildə ABŞ-nin o zamankı prezidenti Bill Klinton tərəfindən federal hakim təyin olunub. O, təxminən 30 il ərzində geniş rezonans doğuran işlərə baxıb. Hakim Nikolas Maduronun işi üzrə məhkəmə prosesinə də sədrlik edib.
Hakimin ölümünün Venesuelanın sabiq lideri ilə bağlı məhkəmə prosesinə necə təsir göstərəcəyi hələlik məlum deyil. Prosesin 2027-ci il iyunun 1-də başlanması planlaşdırılır.
Xatırladaq ki, yanvarın 3-də ABŞ Venesuelada mülki və hərbi obyektlərə zərbələr endirib, ölkə prezidenti Nikolas Maduronu həyat yoldaşı Siliya Floreslə birlikdə ələ keçirərək ölkədən çıxarıb.
Yanvarın 5-də Maduro və həyat yoldaşı Nyu-Yorkun Cənub Dairəsi üzrə federal məhkəmədə hakim qarşısına çıxarılıblar. Onlara narkotik ticarətində iştirak ittihamı irəli sürülüb. Maduro və həyat yoldaşı ittihamlar üzrə təqsirlərini etiraf etməyiblər.