Baku TV 44 günlük Vətən müharibəsi şəhidi Davud Qurbanov haqqında reportaj hazırlayıb. Reportajda şəhidin ailə üzvləri və iş yoldaşları onunla bağlı xatirələrini bölüşüblər.
Şəhidin anası Qənirə Hacıyeva Davudun uşaqlığından söz açıb. O bildirib ki, Davud çox mehriban, istiqanlı uşaq olub.
"Həmişə "Qarabağı mən alacağam" deyirdi. Müharibə vaxtı da bizə ürək-dirək verirdi. Narahat olmayın, torpaqlarımızı alacağıq. Hələ mənimlə çox fəxr edəcəksiniz" deyirdi.
Övlad itirmək çox ağırdır. Davudun iki böyük qardaşı da avtomobil qəzasında həyatını itirmişdi. İndi yeganə təsəllim odur ki, harayasa gedəndə mənə "Davudun anasıdır" deyirlər. Onun adının yaşaması ürəyimə rahatlıq verir", - deyə Qənirə Hacıyeva bildirib.
Şəhidin iş yoldaşı, jurnalist Əli Novruzəliyev də Davudla bağlı xatirələrini bölüşüb.
"O, çox istiqanlı, qayğıkeş insan idi. Davudu hərbi xidmətə yola salanda heç vaxt ağlımıza gəlməzdi ki, bu ayrılıq həmişəlik olacaq. O, hərbi xidmətdə olanda yanına getmək istəyirdim. Mənə "yox, gəlmə, cəbhəyə yollanmışıq. Amma xahiş edirəm ki, bunu qardaşıma söyləmə" dedi. Valideynlərinin narahat olmasını istəmirdi. Mən də sözümü tutdum. Daha sonra qardaşı zəng edərək Davudun şəhid olduğunu dedi. Bu, həyatımda aldığım ən ağır xəbər oldu", - deyə o əlavə edib.