ABŞ hərbçiləri İranda 90 hədəfə zərbə endirib və həyata keçirilən növbəti hücumlarını yekunlaşdırıb.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" hesabında məlumat yayıb.
"CENTCOM qüvvələri İrana qarşı əlavə hücum mərhələsini tamamlayıb. Bu addım İrannın Hörmüz boğazında ticarət gəmilərinə və günahsız mülki dənizçilərə hücum etmək imkanlarını daha da zəiflətmək məqsədi daşıyır. ABŞ qüvvələri İrana məxsus təxminən 90 hərbi hədəfi vurub", - deyə açıqlamada qeyd olunub.
Komandanlığın məlumatına görə, hücuma məruz qalan hədəflər arasında hava hücumundan müdafiə sistemləri, sahil müşahidə qurğuları, raket və pilotsuz uçuş aparatlarının saxlanma anbarları, həmçinin hərbi logistika infrastrukturu obyektləri var.
Xatırladaq ki, bir gün əvvəl ABŞ Silahlı Qüvvələri İslam Respublikası ərazisində 80 hədəfə zərbə endirib.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı yeni genişmiqyaslı zərbələrin başladığını açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti "X" sosial şəbəkəsində xəbər yayıb.
ABŞ tərəfi bildirir ki, bu əməliyyatlar İranın Hörmüz boğazı ərazisində üç mülki gəmiyə endirdiyi zərbələrə cavab tədbiridir. Digər tərəfdən, İran mediası ölkənin cənubundakı Sirik şəhərində yeddi, Bəndər-Abbas şəhərində isə daha altı partlayışın baş verdiyini bildirib. Zərbələrin nəticələri barədə hələlik ətraflı məlumat yoxdur. Xəsarət alanlarla bağlı da hər hansı bir məlumat daxil olmayıb.
Qeyd edək ki, Yaxın Şərqdə münaqişə fevralın sonunda İsrail və ABŞ-nin İrana endirdiyi zərbələrdən sonra kəskinləşmişdi. Tərəflər yalnız iyunun 14-də sülh sazişinə nail olaraq atəşkəs elan etmiş, iyunun 18-də isə elektron memorandum imzalamışdılar.