Amerika Birləşmiş Ştatlarının təhsil müəssisələrində baş verən atışmaların qarşısını almaq üçün yeni metod hazırlanıb. Bu məqsədlə səs gücləndiricilər və gözyaşardıcı qaz balonları ilə təchiz edilmiş müasir pilotsuz uçuş aparatlarından (PUA) istifadə olunacaq. Ölkədəki bir sıra məktəblər artıq bu texnologiyanın tətbiqi ilə yaxından maraqlanır.
Oxu.Az xəbər verir ki, bu yenilik barədə "The Guardian" nəşri məlumat yayıb.
Bildirilir ki, məktəbə silahlı basqınla bağlı siqnal daxil olan kimi xüsusi səs sisteminə malik dronlar dərhal hərəkətə keçir. Bu aparatlar müəllim heyəti və ya məktəb personalı ilə operativ əlaqə yaratmağa şərait yaradacaq. Həmçinin PUA-lar xüsusi kameralar və xəbərdarlıq sirenləri ilə təchiz edilib.
Dronlar xüsusi mexanizmlər vasitəsilə qorunmayan pəncərələri qıra, cinayətkara gözyaşardıcı qaz şarları ata və ona zərbələr endirə bilər. Hüquq-mühafizə orqanları hadisə yerinə çatana qədər hücumçunun diqqətini yayındırmaq məqsədilə eyni anda üç-dörd dronun cəlb edilməsi nəzərdə tutulur.
Nəşr vurğulayır ki, ilkin olaraq Corciya ştatında dörd, Floridada üç və Koloradoda bir məktəb təhlükəsizlik üçün bu innovativ cihazları əldə edəcək.