İraqın Baş naziri Əli əz-Zeydi və onu müşayiət edən nümayəndə heyəti dünən "İnkişaf yolu" sazişi çərçivəsində Türkiyəyə səfər edib. Prezident Rəcəb Tayyib Ərdoğanla Zeydinin Prezident Sarayında keçirdikləri təkbətək görüş və nümayəndə heyətləri arasında aparılan danışıqlardan sonra iki ölkə arasında müxtəlif sazişlər imzalanıb.
Lakin mərasim gözlənilmədən böhranlı vəziyyətə çevrilib. Əvvəlcə "Təhsil və Akademik Əməkdaşlıq üzrə Anlaşma Memorandumu" Türkiyə Polis Akademiyasının rəhbəri Murat Balcı ilə İraq Baş nazirinin və Silahlı Qüvvələrin Ali Baş Komandanının Aparat rəhbəri general Abdülemir Şammari tərəfindən imzalanıb. Lakin mətbuat konfransından sonra İraqın nəqliyyat nazirinin Türkiyə ilə "İnkişaf yolu" layihəsinə dair sazişi imzalamaq istəmədiyi məlum olub. Hətta Prezident Ərdoğan - "Beş saziş deyildimi?" - deyərək xarici işlər naziri Hakan Fidanı yanına çağırıb. Bu zaman İraqın Baş naziri Zeydi nəqliyyat naziri ilə danışaraq ona sənədi imzalamağı tapşırıb. Nazir Həsəni sənədi imzalayandan sonra gərginlik aradan qalxıb.

Əvvəlcə, onu qeyd etmək lazımdır ki, Türkiyə Enerji Bazarını Tənzimləmə Qurumunun məlumatına görə, ölkənin aylıq xam neft idxalı təxminən 29.9 milyon barel təşkil edir. Bunun 12.1 milyon bareli Rusiyadan alınır və bu, ümumi idxalın təxminən 40 faizinə bərabərdir. Rusiyadan sonra Qazaxıstan təxminən 12 faiz, ABŞ isə 8.5 faiz payla bazarda yer tutur. Lakin İraqın Türkiyəyə gündə bir milyon barel neft verməsi ilə Rusiyanın Türkiyə bazarındakı təxminən 40 faizlik üstün mövqeyi zəifləyə və asılılıq azala bilər. İraqın Bəsrə körfəzində yerləşən Böyük Fəv Limanından başlayaraq ölkənin cənubundan şimalına doğru uzanacaq, daha sonra Türkiyə vasitəsilə Avropaya çıxacaq "İnkişaf yolu" layihəsi mühüm nəqliyyat, enerji və ticarət dəhlizi kimi qiymətləndirilir. Hörmüz boğazında baş verən qarşıdurmalar fonunda layihənin əhəmiyyəti daha da artıb və Türkiyə bu layihənin əsas tərəfdaşlarından biri hesab olunur.
İraqın nəqliyyat nazirinin tərəddüdü isə İrana yaxın "Bədr" təşkilatı ilə əlaqəli olması ilə əlaqələndirilir. Çünki İran layihənin regiondakı ticarət marşrutlarının geosiyasi əhəmiyyətini dəyişdirəcəyi və özünün İraq üzərindəki siyasi təsirinin zəifləyə biləcəyi ilə bağlı narahatlığı səbəbindən layihənin əleyhinədir. Nazirin də məhz bu səbəbdən sənədi imzalamaqda tərəddüd etdiyi ehtimal olunur.
Lakin bütün bunlara baxmayaraq Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu ilə İraqın nəqliyyat naziri Vehb Səlman əl-Həsəni Fişhabur-Ovaköy sərhəd-keçid məntəqəsi vasitəsilə dəmir yolu və avtomobil daşımalarına dair Anlaşma Memorandumu, təbii ehtiyatlar müqabilində İraq Respublikasında nəqliyyat infrastrukturunun inkişafına dair Çərçivə Anlaşma Memorandumunu imzalayıblar.

Ümumiyyətlə, sözügedən sazişin Türkiyə və region üçün əhəmiyyəti nədən ibarətdir? Həmçinin İraq üçün də mühüm əhəmiyyət kəsb edən memorandumu bu ölkənin naziri nə üçün imzalamağa tərəddüd edib.
Oxu.Az-a açıqlamasında beynəlxalq münasibətlər üzrə şərhçi İsmayıl Cingöz bildirib ki, Türkiyə baxımından "İnkişaf yolu"nun ən mühüm nəticəsi ölkənin Türküstan-Mərkəzi Asiya, Yaxın Şərq və Avropa arasında tranzit mövqeyini daha güclü geostrateji üstünlüyə çevirməsidir:

"Türkiyə hazırda Orta Dəhliz, Bakı-Tbilisi-Qars dəmir yolu, Mərmərə və Avropa ilə dəmir yolu əlaqələri vasitəsilə şərq-qərb istiqamətində mühüm nəqliyyat qovşağıdır. "İnkişaf yolu" isə bu sistemə Bəsrə körfəzindən gələn güclü şimal-cənub oxunu əlavə edəcək. Beləliklə, Türkiyə şərq-qərb və şimal-cənub ticarət marşrutlarının kəsişdiyi logistika mərkəzinə çevrilmək hədəfinə doğru mühüm addım ata bilər".
"Layihənin Azərbaycan və Türk dünyası baxımından əhəmiyyəti də məhz burada ortaya çıxır. "İnkişaf yolu"nun Türkiyə ərazisində Orta Dəhlizlə inteqrasiyası Azərbaycanın Xəzər keçidli nəqliyyat şəbəkəsindəki mərkəzi mövqeyini daha da gücləndirə bilər. Bakı-Tbilisi-Qars dəmir yolu, Zəngəzur bağlantısının inkişaf etdirilməsi və Xəzər dənizi vasitəsilə Türküstana (Mərkəzi Asiyaya) uzanan nəqliyyat şəbəkələri birlikdə qiymətləndirildikdə, Bəsrə körfəzi, Türkiyə, Azərbaycan, Xəzər hövzəsi və Türküstan coğrafiyası arasında yeni bağlantı imkanları yaranacaq. Buna görə də "İnkişaf yolu" ilə Orta Dəhliz bir-birinin rəqibi deyil, düzgün inteqrasiya siyasəti çərçivəsində bir-birini tamamlayan strateji dəhlizlər kimi qiymətləndirilməlidir", - deyə mütəxəssis vurğulayıb.
Onun sözlərinə görə bu vəziyyət Türk Dövlətləri Təşkilatı (TDT) baxımından da xüsusi əhəmiyyət daşıyır:
"Türk dövlətlərinin nəqliyyat, enerji və ticarət şəbəkələrinin bir-biri ilə əlaqələndirilməsi təşkilatın yalnız siyasi və mədəni əməkdaşlıq platforması olmaqdan çıxaraq iqtisadi və geoiqtisadi inteqrasiya məkanına çevrilməsinə töhfə verəcək. Azərbaycan isə Türkiyə ilə Mərkəzi Asiya türk dövlətləri arasında coğrafi və strateji körpü mövqeyinə malik olduğuna görə bu inteqrasiyanın əsas ölkələrindən biri olacaq".
"Layihə, eyni zamanda, Körfəz ölkələrinin Türkiyə və Avropa bazarlarına çıxış imkanlarını şaxələndirəcək, İraqın tranzit ölkə və logistika mərkəzi kimi iqtisadi potensialını artıracaq, Türkiyə ilə İraq arasında iqtisadi qarşılıqlı asılılığı gücləndirəcək. Gələcəkdə enerji infrastrukturlarının nəqliyyat dəhlizləri ilə inteqrasiya olunması halında layihənin enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyəti daha da artacaq. Bu baxımdan, "İnkişaf yolu" qlobal ticarət və enerji axınlarının alternativ marşrutlar axtardığı bir dövrdə regional təchizat zəncirlərinin şaxələndirilməsinə xidmət edə bilər", - deyə müsahibimiz diqqətə çatdırıb.
İ.Cingöz onu da əlavə edib ki, İranın layihəyə ehtiyatlı və məsafəli yanaşması, əsasən, onun Bəsrə körfəzi-İraq-Türkiyə xətti üzrə yeni geoiqtisadi marşrut formalaşdıraraq İranın regional tranzit və təsir imkanlarının nisbi çəkisini azalda biləcəyi ilə bağlı strateji narahatlıqları ilə izah oluna bilər:
"Nəticə etibarilə, "İnkişaf yolu"nu yalnız dəmir yolu və ya avtomobil yolu layihəsi kimi qiymətləndirmək düzgün olmazdı. Layihə Türkiyənin mərkəz ölkə və logistika qovşağı statusunu gücləndirə, Azərbaycanın Orta Dəhlizdəki strateji rolunu dəstəkləyə və Türk dünyasını Bəsrə körfəzindən Avropaya qədər uzanan daha geniş iqtisadi məkanla əlaqələndirə biləcək geosiyasi təşəbbüsdür. Orta Dəhlizlə "İnkişaf yolu"nun Türkiyə ərazisində birləşməsi Türkiyə-Azərbaycan oxunu Avrasiyanın şərq-qərb və şimal-cənub nəqliyyat əlaqələrinin əsas kəsişmə nöqtələrindən birinə çevirə bilər. Buna görə də layihənin uğuru yalnız Türkiyə və İraq üçün deyil, həmçinin Azərbaycan, Türk dünyası, Körfəz ölkələri və ümumilikdə Avrasiyanın gələcək ticarət memarlığı baxımından strateji əhəmiyyət kəsb edir".