"İran ilə ABŞ və İsrail arasında davam edən müharibənin beşinci günündə atılan bir ballistik raket Türkiyə istiqamətinə yönəlib. Türkiyə Milli Müdafiə Nazirliyi bildirib ki, İrandan buraxılan, İraq və Suriya hava məkanını keçdikdən sonra Türkiyə hava məkanına istiqamət alan ballistik sursat Hatayda zərərsizləşdirilib. Raket NATO-nun hava və raketdən müdafiə sistemləri tərəfindən havada vurularaq təsirsiz hala salınıb. Milli Müdafiə Nazirliyinin açıqlamasında ölkəmizə qarşı hər cür düşmən münasibətə cavab vermək hüququmuz xatırladılır, bütün tərəflər bölgədə münaqişənin daha da genişlənməsinə səbəb ola biləcək addımlardan çəkinməyə çağırılır, bu çərçivədə NATO və digər müttəfiqlərimizlə məsləhətləşmələrin davam etdiriləcəyi vurğulanır".
Bu sözləri Oxu.Az-a açıqlamasında təhlükəsizlik və terrorla mübarizə üzrə türkiyəli mütəxəssis İmbat Muğlu deyib.

O, hadisədən dərhal sonra Türkiyənin xarici işlər naziri Hakan Fidanın iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığına toxunub:
"Cənab nazir narazılığımızı qarşı tərəfə çatdırıb, münaqişənin yayılmasına səbəb ola biləcək hər cür addımdan çəkinməyin vacibliyini vurğulayıb. Bundan əlavə, NATO sözçüsü Allison Hart da İranın Türkiyəni hədəf almasını qınadıqlarını bildirib, İranın region üzrə ayrı-seçkilik etmədən həyata keçirdiyi hücumlar fonunda NATO-nun Türkiyə də daxil olmaqla bütün müttəfiqlərinin yanında olduğunu diqqətə çatdırıb. Bu məsələlər Türkiyədə müzakirə olunarkən İran Silahlı Qüvvələri Baş Qərargahının bu gün yaydığı açıqlamada qonşu və dost ölkə Türkiyənin suverenliyinə tam hörmət edildiyini bildirib, Türkiyə ərazisinə raket atıldığına dair bütün iddiaları qəti şəkildə rədd ediblər".
"Türkiyə dünən olduğu kimi bu gün də bütün qonşuları ilə problemsiz münasibətləri və sülhü əsas prinsip kimi qəbul edir. Prezident cənab Rəcəb Tayyib Ərdoğanın dəfələrlə vurğuladığı kimi, Türkiyə regionda sülhün, sabitliyin və dialoqun təmin olunması üçün intensiv diplomatik səylər göstərir. Prezidentin rəhbərliyi ilə ölkə gərginliyin artmaması, mülki şəxslərin qorunması və problemlərin beynəlxalq hüquq çərçivəsində, sülh yolu ilə həlli istiqamətində fəal rol oynayır. Belə hadisələr qarşısında xalq olaraq nümayiş etdirəcəyimiz birlik və həmrəylik və ən böyük gücümüzdür. Dövlət bütün qurumları ilə vəzifəsinin başındadır. Türkiyə regionda gərginliyin azaldılması və problemlərin sülh yolu ilə həlli üçün üzərinə düşən məsuliyyəti konstruktiv yanaşma ilə yerinə yetirməyə davam edəcək" - deyə, ekspert vurğulayıb.
Mərahim Nəsib