Son illər regionda və İranda baş verən siyasi proseslər bir daha göstərir ki, molla rejimi sınaq mərhələsindən keçə bilmədi. Uzun illərdir davam edən sosial-iqtisadi problemlər, siyasi azadlıqların məhdudlaşdırılması və müxtəlif xalqların hüquqlarının pozulması, müxtəlif ölkələrə qarşı terrorçu fəaliyyətlər həm ölkə daxilində, həm də qlobal miqyasda narazılığı daha da artırıb. Bu narazılıq isə xüsusilə milyonlarla azərbaycanlının yaşadığı Cənubi Azərbaycanda daha həssas şəkildə hiss olunur. Cənubi Azərbaycanda yaşayan soydaşlarımız uzun müddətdir ki, ana dilində təhsil, mədəni hüquqların qorunması, iqtisadi bərabərlik və siyasi təmsilçilik kimi fundamental hüquqların təmin olunmasını tələb edirlər. Bir çox hallarda isə bu tələbləri səsləndirən azərbaycanlı fəalların təqiblərə məruz qalması, həbs olunması və müxtəlif təzyiqlərlə üzləşməsi barədə beynəlxalq hüquq müdafiə təşkilatlarının hesabatlarında da məlumatlar yer alır.
Bu gün regionda və İran daxilində baş verən dəyişikliklər fonunda Cənubi Azərbaycan yenidən ictimai və siyasi müzakirələrin mərkəzinə çıxır. Artan narazılıq və siyasi transformasiya ehtimalları İranın böyük hissəsini təşkil edən azərbaycanlıların hüquqları məsələsini daha qabarıq şəkildə gündəmə gətirə bilər. Məhz bu kontekstdə sual yaranır: Cənubi Azərbaycanda yaşayan soydaşlarımız bu mənada siyasi və ictimai proseslərdə hansı formada iştirakçı ola bilərlər? Onların hüquqları və gələcəyi ilə bağlı hansı ssenarilər mümkündür? Regionda və İranda baş verən proseslər bu məsələyə necə təsir göstərə bilər? Molla rejiminin Azərbaycan ərazisinə dron hücumu etməsi necə qarşılanıb və o taydakı soydaşlarımızın reaksiyası nə ola bilər?
Mövzu ilə bağlı Oxu.Az-a danışan Güney azərbaycanlı milli fəal Aslan Sultani bildirib ki, bu kimi hərəkətlər İran tərəfindən neçə gündür davam edir:

Mövzu ilə bağlı Oxu.Az-a danışan Güney azərbaycanlı milli fəal Aslan Sultani bildirib ki, bu kimi hərəkətlər İran tərəfindən neçə gündür davam edir:
"Onlar ərəb ölkələrinin bəzi infrastruktur obyektlərini vurur və bununla ABŞ-yə mesaj verirlər. Lakin məsələ burasındadır ki, Azərbaycanda hər hansı Amerika Birləşmiş Ştatları və ya İsrail bazası yoxdur. Bu baxımdan baş verən hadisə hesab edirəm ki, "qırmızı xətti" keçməkdir. İran rejiminin başı itdiyi üçün bədəni çabalamaqdadır. Artıq həyatda olmayan Xameneinin postuna təyin ediləcək istənilən şəxs onun yerini tutmayacaq - nə oğlu, nə də başqası. Məncə, bunu belə də qələmə vermək olar ki, son imperator öldü. Yəni cahilliyin, geriliyin və irticanın imperatoru öldü. Onun yerini heç kim doldura bilməyəcək. Bu gedişatın da sonu İran, xüsusilə də rejim üçün təbii ki, yaxşı olmayacaq. Ətrafdakı ölkələrlə, xüsusilə Azərbaycan və Türkiyə ilə indiyə qədər İrana qarşı hər hansı bir arqument olacaq mənfi addım atmayıblar. İranın da bunu etməsi öz sonunu hazırlamasıdır".
"Daxildə də insanlar vəziyyəti izləyirlər. Ancaq indiki vəziyyətdə bu, çox real görünmür. Çünki təzyiq altında olan bir rejim hələ ayaqdadır və öz əsas dayaqlarını tam itirməyib. Etibarlı qüvvələri hələ də əlindədir. Rejim çabalayır, amma tamamilə çökməyib. Amma bu gedişat çox uzun sürə bilməz. Əgər ABŞ və İsrailin bombardmanı davam edərsə, rejim tamamilə zəifləyəcək və çabalayan bədən son nəfəsini verəcək", - deyə müsahibimiz əlavə edib.
Mərahim Nəsib