"Miss Grand Orlando 2025" gözəllik müsabiqəsinin qalibi, 23 yaşlı Skarlent Rodriqes və onun sevgilisi Xose Kastronun Venesuelada baş vermiş güclü zəlzələ zamanı həlak olduqları təsdiqlənib. Cütlük yaşadıqları çoxmənzilli binanın uçması nəticəsində dağıntılar altında qalıb.
Oxu.Az VTV.vn saytına istinadən xəbər verir ki, iyunun 24-də baş verən təbii fəlakətdən sonra itkin düşən cütlüyün cəsədləri bir neçə gün davam edən axtarış-xilasetmə əməliyyatlarından sonra tapılıb.

Skarlent Rodriqesin ailəsi "GoFundMe" platformasındakı səhifələrində faciəli xəbəri təsdiqləyərək, cütlüyün cəsədlərinin zəlzələdən ən çox zərər çəkən La-Quayra ştatının Katiya-La-Mar ərazisində, yaşadıqları binanın qalıqları arasında bir-birinin yanında aşkarlandığını bildiriblər.
Qeyd edək ki, əslən venesuelalı olan Skarlent Rodriqes ABŞ-də keçirilən "Miss Grand Orlando 2025" müsabiqəsindəki qələbəsi ilə tanınırdı.