Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

ABŞ-nin modulu Ayın səthinə eniş etdi
ABŞ-nin "Intuitive Machines" şirkəti tərəfindən hazırlanan "Athena" kosmik modulu Ayın səthinə enib.
Oxu.Az xəbər verir ki, canlı yayım ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) saytında təqdim edilib.
Fevralın 27-də Con Kennedi adına Kosmik Mərkəzindən (Florida ştatı) "SpaceX" şirkətinin "Falcon 9" raketi ilə buraxılan modulun enişi Bakı vaxtı ilə saat 21:30-a planlaşdırılıb, lakin modulun Yerdən uzaqlığı səbəbindən mütəxəssislər onun enişini hesablanmış vaxtdan təxminən 20 dəqiqə sonra təsdiqləyiblər.
"Biz təsdiq edə bilərik ki, "Athena" Ayın səthindədir və günəş panelləri vasitəsilə enerji yığır", - yayımın aparıcısı bildirib.
Kosmik gəminin Yerdən Ayın səthinə səyahəti təxminən bir həftə çəkib və modul martın 3-də Ayın orbitinə çatıb. Bu, artıq bu ay ABŞ-nin Ayın səthinə çatan ikinci moduludur - bundan əvvəl "Firefly Aerospace" şirkətinin "Blue Ghost" modulu Ayın səthinə enmişdi.
Qurğunun əsas məqsədlərindən biri Yerin təbii peykinin resurslarının tədqiqi olacaq.
Modul, həmçinin Yerin peykinə "Nokia"nın 4G formatlı ötürücüsünü çatdırıb. Əgər o, uğurla işə salınarsa, Ayda ilk mobil rabitə stansiyası olacaq.