ABŞ hökuməti Amerikanın Vircin adalarında baş verən ekstremal quraqlıqla bağlı fövqəladə vəziyyət rejimi elan edib.
Oxu.Az bu barədə "Associated Press" agentliyinə istinadən xəbər verir.
Federal hökumətin bu qərarı yerli fermerlərə və kənd təsərrüfatı istehsalçılarına təcili dövlət kreditləri almaq imkanı yaradacaq.
Avqustun əvvəlində fövqəladə vəziyyət statusu üçün müraciət edən Vircin adalarının valisi Albert Brayan izah edib ki, bu tədbir quraqlığı aradan qaldırmayacaq, lakin kənd təsərrüfatı işçilərinə onun fəsadları ilə mübarizə aparmaq üçün əlavə dəstək mexanizmi verəcək.
Region rəhbərinin sözlərinə görə, kənd təsərrüfatı sektoru adaların ərzaq təhlükəsizliyi, iqtisadiyyatı və adət olunmuş həyat tərzi üçün kritik əhəmiyyətə malikdir.
Amerikanın Vircin adalarının tərkibinə Sent-Tomas, Sent-Con və Santa-Kruz adaları daxildir. ABŞ-nin Quraqlıq Monitorinqi Xidmətinin məlumatına görə, mütəxəssislər hər üç ərazidə yaxın vaxtlarda hava şəraitinin yaxşılaşması perspektivi olmayan ekstremal quraqlıq qeydə alıblar.