ABŞ Konqresinin Nümayəndələr Palatasının Prosedur komitəsi Rusiyaya qarşı sanksiyaların daha da sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyərək, onu tam tərkibdə aşağı palatanın müzakirəsinə göndərib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Sənədin Konqresin alt palatasında müzakirəyə çıxarılmasının lehinə komitənin yeddi üzvü səs verib, üç nəfər isə əleyhinə olub. Eyni zamanda, qanunvericilər Demokratlar Partiyasının nümayəndələri tərəfindən irəli sürülən bir neçə düzəlişi rədd ediblər. Beləliklə, qanun layihəsi tam tərkibdə ABŞ Konqresinin Nümayəndələr Palatasının baxışına təqdim olunub.
Məlumata görə, palatanın qanun layihəsini müzakirə etməyə başlaması və prosedur səsverməsi sentyabrın 15-də başlaya bilər və təsdiqlənərsə, ertəsi gün onun qəbul edilməsi ilə bağlı səsvermə keçirilə bilər.