ABŞ ordusu Oman sahillərində İran nefti daşıdığı ehtimal olunan "Jalveer" tankerini hədəfə alıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) yaydığı rəsmi açıqlamada yer alıb.
"ABŞ hərbçiləri İran blokadasını pozaraq neft daşımağa cəhd edən tankeri Oman körfəzində vurdu. Bu, cari həftə ərzində Amerika qüvvələri tərəfindən sıradan çıxarılan üçüncü ticarət gəmisidir", - deyə CENTCOM "X" hesabında məlumat verib.
Qvineya bayrağı altında üzən tankerin heyəti ABŞ hərbçilərinin tələblərinə tabe olmaqdan dəfələrlə imtina etdikdən sonra gəminin mühərrik bölməsinə iki ədəd hava-yer tipli AGM-114R "Hellfire" raketi atılıb. Xatırladaq ki, bu həftənin əvvəlində ABŞ hərbçiləri Palau bayrağı altında hərəkət edən "Marivex" və "Settebello" gəmilərini də sıradan çıxarıb. Pentaqonun məlumatına görə, "Marivex" İran limanına daxil olmağa cəhd edərək blokadanı pozub, "Settebello" isə ehtimal ki, İran neftini daşımağa çalışıb.
Aprelin 13-də blokada başlayandan bəri CENTCOM tələblərə məhəl qoymayan 9 gəmini zərərsizləşdirib, göstərişlərə əməl edən 135 gəminin istiqamətini dəyişdirib və humanitar yardım aparan 42 gəmini buraxıb.