ABŞ və İran ötən gecə zərbə mübadiləsinə baxmayaraq, razılaşma əldə etmək üçün dialoqu davam etdirirlər.
Oxu.Az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata əsasən, vəziyyətlə tanış olan diplomatik mənbə CNN-ə bildirib ki, ABŞ və İran arasında razılaşma üzrə danışıqlar hələ də doğru yolda irəliləyir.
Digər bir mənbə CNN-ə bildirib ki, ABŞ və İran arasında təmaslarda vasitəçilik edən Qətərin dünən Tehrana gələn nümayəndə heyəti cümə axşamı səhər İran rəsmiləri ilə danışıqlardan sonra İran paytaxtını tərk edib.
Qətər və İran arasında ABŞ ilə koordinasiyada aparılan bu danışıqlar cümə axşamı səhərədək davam edib.
Əvvəlcə məlum olmuşdu ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qüvvələri ABŞ-nin İrana endirdiyi zərbələrə cavab olaraq Yaxın Şərqdəki Amerika hərbi bazalarına hücum edib.
"SEPAH-ın Hərbi-Kosmik və Hərbi Dəniz Qüvvələri iki dalğa əməliyyat keçirərək Əs-Salem, Əhməd-əl-Cabir (Küveytdə - red.) və Şeyx İsa (Bəhreyndə - red.) aviabazalarındakı 18 əsas ABŞ hərbi hədəfini vuraraq məhv edib" - deyə CNN "Press TV" telekanalına istinadən məlumat verib.