İraqda ABŞ və Səudiyyə Ərəbistanının "Xalq Səfərbərlik Qüvvələri"nin könüllü dəstələrinin obyektlərinə endirdiyi zərbələr nəticəsində azı beş iranlı hərbi məsləhətçi həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə "The National" nəşri İraq təhlükəsizlik xidmətinin nümayəndəsinə istinadən məlumat yayıb.
Məlumata görə, həlak olan iranlı hərbi məsləhətçilər "Xalq Səfərbərlik Qüvvələri" ilə birlikdə xidmət edirdilər.
ABŞ və Səudiyyə Ərəbistanı silahlı qüvvələrinin İraq ərazisinə endirdiyi zərbələr nəticəsində həlak olan "Əl-Həşd əş-Şəəbi" silahlı qruplaşmasının üzvlərinin sayı 20-yə yüksəlib.
Oxu.Az xəbər verir ki, bu barədə qruplaşmanın mətbuat xidmətinin yaydığı bəyanatda bildirilir.
Mətbuat xidmətinin "Facebook" səhifəsində dərc olunan məlumata əsasən, "Əl-Həşd əş-Şəəbi"nin ən azı daha 32 tərəfdarı yaralanıb. Qeyd olunur ki, qruplaşmanın İraqın müxtəlif bölgələrində, o cümlədən Bağdadda yerləşən bir neçə qərargahı hücuma məruz qalıb.
ABŞ və Səudiyyə Ərəbistanının İraqın şimalındakı Nineva əyalətinə həyata keçirdiyi birgə hava hücumu nəticəsində İraqın Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) on üzvü həyatını itirib.
Oxu.Az xəbər verir ki, bu barədə İranın ISNA agentliyi iraqlı rəsmilərə istinadən məlumat yayıb.
Bildirilib ki, hərbi təyyarələr hələ də İraqın hava məkanında patrul uçuşlarını davam etdirir.
"İraqın Nineva bölgəsində təşkilatın mövqelərinə endirilən zərbələr nəticəsində 10 nəfər ölüb, 6 nəfər yaralanıb", - deyə açıqlamada qeyd olunub.
İtkilərin sayının artacağı istisna edilməyib.
ABŞ və Səudiyyə Ərəbistanının silahlı qüvvələri İraq ərazisində İrana bağlı olan qruplaşmalara hücum edib.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" hesabında məlumat yayıb.
"ABŞ və Səudiyyə Ərəbistanı orduları iyulun 28-də İraqda dəqiq zərbələr həyata keçirib", - deyə açıqlamada qeyd olunub.
Hücumun hədəfi İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən Səudiyyə Ərəbistanının enerji obyektlərinə və ABŞ qüvvələrinə hücum etmək tapşırığı alan İrana bağlı terrorçu hesab edilən dəstələr olub. Səudiyyə Ərəbistanı və ABŞ İraqın şərq hissəsində yerləşən bir neçə silah anbarını və logistika mərkəzini havadan vurublar.
Mərkəzi Komandanlığın iddialarına əsasən, bu əməliyyat İslam İnqilabı Keşikçiləri Korpusunun göstərişi ilə son 72 saat ərzində 30-dan çox PUA-nın buraxılmasına cavab olaraq həyata keçirilib. Bundan əvvəl Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Türki əl-Maliki hava hücumundan müdafiə qüvvələrinin İraqdan buraxılan və krallığın neft obyektlərini hədəf alan bir neçə pilotsuz uçuş aparatını zərərsizləşdirdiyini bildirib.
İran isə öz növbəsində başqa ölkələrin ərazisindən Səudiyyə Ərəbistanının atəşə tutulmasında iştirakını təkzib edib.
"Bölgədə ABŞ-nin maraqlarına qarşı yönəlmiş hər hansı bir hərəkətin İran İslam Respublikası ilə əlaqələndirilməsi ciddi yanlışlıqdır və regional vəziyyəti bilməməkdən irəli gəlir", - deyə açıqlamada qeyd olunub.