ABŞ-yə məxsus hərbi təyyarə avqustun 9-da Cibutidəki Şabelli aerodromu yaxınlığında qəzaya uğrayıb.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Afrika Komandanlığı (AFRICOM) "X" sosial şəbəkəsində məlumat yayıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb və əmlaka ziyan dəyməyib. Qəzanın səbəbləri araşdırılır.
AFRICOM-un məlumatına görə, ilkin araşdırmanın nəticələri qəzanın səbəbinin kənar müdaxilə olduğunu göstərmir.
Şabelli aerodromu paytaxt Cibuti şəhərinin təxminən 10 kilometr cənub-qərbində yerləşir. Ölkə ərazisində ABŞ-nin Afrikada və Yaxın Şərqdə əməliyyatlar üçün istifadə etdiyi "Lemonnyer düşərgəsi" adlı hərbi bazası da yerləşir.