ABŞ-nin Las-Veqas şəhərində tanınmış reper Tupak Şakurun qətli işi üzrə təqsirləndirilən Dueyn "Kif Di" Devisin məhkəməsi başlayıb.
Oxu.Az "The Guardian" nəşrinə istinadən xəbər verir ki, prokurorluq "Crips" dəstəsinin keçmiş liderini qətli sifariş verməkdə və 25 yaşlı reperin 1996-cı il sentyabrın 7-də güllələndiyi silahı təmin etməkdə ittiham edir.
Müstəntiqlər cinayətin motivinin qisas olduğunu ehtimal edirlər. "MGM Grand" kazinosunda Mayk Taysonun boks döyüşündən sonra Şakur D.Devisin qardaşı oğlu Orlando "Bebi Leyn" Andersona hücum edib. Həmin gecə daha sonra Devis və Andersonun olduğu ağ "Cadillac" reperin avtomobilinə yaxınlaşıb. Maşından atəş açılıb. Atəş açan şəxs qaçaraq gizlənib.
Qətl işi 30 ildir ki, açılmamış qalır. Təhqiqat 2019-cu ildə Dueyn Devisin xatirələr kitabı dərc olunduqdan sonra yenidən bərpa edilib. Kitabda o, "Cadillac"ın ön oturacağında əyləşdiyini və tapançanı arxadakı sərnişinlərə ötürdüyünü etiraf etsə də, atəş açanın adını çəkməyib. Hadisənin bütün digər iştirakçıları həlak olublar.
Devis 2023-cü ilin sentyabrında həbs edilib. O, cinayətdə əli olduğunu təkzib edir. Məhkəmə prosesinin təxminən bir ay davam edəcəyi gözlənilir. Təqsirli bilinəcəyi təqdirdə 63 yaşlı qanqsteri vaxtından əvvəl azad edilmə hüququ olmadan ömürlük həbs cəzası gözləyir.