ABŞ-də andlı iclasçılar məhkəməsi Keffi Di kimi tanınan Dueyn Devisi repçi Tupak Şakurun 30 il əvvəl törədilmiş qətlində təqsirli bilib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat səs-küylü məhkəmə prosesinin canlı yayımından məlum olub.
Hakim tərəfindən oxunan qərarda bildirilib:
"Biz, andlı iclasçılar, təqsirləndirilən Dueyn Keffi Devisin silah tətbiq etməklə qətldə birinci dərəcəli günahkar olduğunu hesab edirik".
Xatırladaq ki, Tupak Şakur 7 sentyabr 1996-cı ildə güllələnib, onun idarə etdiyi avtomobilə yaxınlıqda dayanan digər maşından atəş açılıb. Ağır yaralanan Şakur bir neçə gün sonra həyatını itirib.
Dueyn Devis daha əvvəl öz xatirələrində Tupak Şakura atəş açılan avtomobildə olduğunu etiraf etmişdi.
Bir müddət əvvəl qətlə görə ömürlük həbs cəzası alan Dekster Ayzek də Tupak Şakurun öldürülməsi üçün muzdla tutulduğunu iddia etmişdi. Ayzekin sözlərinə görə, o, hətta planlaşdırılan cinayət üçün əvvəlcədən pul da alıb.
Şakurun qətlinin sifarişçiləri kimi əvvəllər rep dünyasının müxtəlif nümayəndələrinin adları hallanırdı. Xüsusilə, hazırda insan alveri ilə bağlı cinayətlərə görə cəza çəkən repçi Pi Diddinin Tupakın qətlində əli ola biləcəyi ehtimal edilir.
