Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Ali Rada ikinci cəhddən Zelenskinin səlahiyyətlərinin uzadılmasını dəstəklədi
Ukraynada Ali Rada ikinci cəhddən Prezident Volodimir Zelenskinin səlahiyyətlərinin uzadılmasını dəstəkləyib.
Oxu.Az-ın məlumatına görə, bu barədə deputat Yaroslav Jeleznyak özünün "Telegram" kanalında məlumat verib.
O qeyd edib ki, parlament Ukraynada demokratiyanın dəstəklənməsi, o cümlədən Zelenskinin səlahiyyətləri və münaqişə başa çatdıqdan sonra seçkilərin keçirilməsi ilə bağlı 13041 nömrəli qərar üçün səs verib.
Qərarı 268 deputat dəstəkləyib. Bundan əvvəlki gün bu sənəd lazım olan səs sayını toplaya bilməmişdi.
Sənəddə qeyd olunur ki, hərbi vəziyyətin tətbiqi, Ukrayna Konstitusiyasına uyğun olaraq, seçkilərin keçirilməsini mümkünsüz edir. Eyni zamanda, parlament Ukrayna xalqının münaqişə bitdikdən sonra seçkilərə hazırlaşmaq istəyində birliyini vurğulayıb.
Xatırladaq ki, bir gün əvvəl Zelenskinin dəstəyi üçün 218 deputat səs vermişdi ki, bu da tələb olunan 226 səsdən az idi. Qeyd edək ki, Radada səsvermə proseduru qonaqların - Avropa komissarlarının iştirakı ilə keçirilib.
V.Zelenski 2019-cu il mayın 20-də prezident seçilib. Onun səlahiyyət müddəti 2024-cü ilin mayında başa çatmalı idi, lakin Rusiya ilə davam edən müharibə prezident seçkisinin keçirilməsinə mane oldu. Səlahiyyət müddətinin bu qədər uzadılmasına görə Zelenski Leonid Kuçmadan sonra Ukrayna tarixində ən uzun müddət vəzifədə qalan ikinci prezidentdir.