İran Xarici İşlər Nazirliyi (XİN) Almaniya rəsmilərinin "uyğunsuz bəyanatları" və diplomatik missiyanın ölkənin daxili işlərinə qarışması ilə əlaqədar Almaniyanın Tehrandakı səfiri Aksel Vilhelm Dittmannı nazirliyə çağırıb.
Oxu.Az xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.
Bildirilib ki, rəsmi etirazı diplomata nazirin köməkçisi və Qərbi Avropa departamentinin direktoru Əlirza Yusifi təqdim edib.
Görüş zamanı İran diplomatik idarəsinin nümayəndəsi Almaniya Kansleri Fridrix Merts tərəfindən Tehranın ünvanına səsləndirilən əsassız iddiaları rədd edib və Berlinin regional proseslərə "əsassız və destruktiv yanaşması"na qətiyyətlə etirazını bildirib. İran tərəfi Almaniya rəhbərliyinin mövcud siyasi kursunun dərhal yenidən nəzərdən keçirilməsi və düzəldilməsi zərurətini vurğulayıb.
Bununla yanaşı, Yusifi Almaniyanın İsrailə göstərdiyi hərbi və siyasi dəstəyi tənqid edib.