Ankarada baş tutan NATO sammiti çərçivəsində Almaniya və ABŞ "AIM-120C-8 AMRAAM" Avropada istehsal imkanının yaradılması və genişləndirilməsi barədə razılığa gəliblər. Həmçinin "Patriot" HHM sistemi üçün "PAC-3" raketlərinin texniki xidmət mərkəzinin Avropada yaradılması haqqında saziş imzalanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Almaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hava hədəflərini məhv etmək üçün nəzərdə tutulmuş "hava-hava" sinfinə aid orta mənzilli idarəolunan "AIM-120C-8 AMRAAM" raketlərinin birgə istehsalı Almaniya, Avropa şirkətləri və ABŞ-nin "Raytheon" müdafiə konserni arasında əməkdaşlıq sayəsində milli, Avropa və dünya tələbatını ödəməyə və onların tədarük müddətini azaltmağa hesablanıb.
Ölkələr həmçinin Avropada "PAC-3" raketlərinin təmiri və texniki xidmət mərkəzinin yaradılması haqqında bəyannamə imzalayıblar. Almaniya Müdafiə Nazirliyinin açıqlamasına görə, bu, raketlərin texniki xidmətini və təmirini əhəmiyyətli dərəcədə sürətləndirməli və onların əlçatanlığını artırmalıdır.
"Patriot" sisteminin "PAC-3" raketləri ballistik və hipersəs raketlərinin ən effektiv ələkeçiriciləri kimi təsvir edilir. Bir raketin dəyəri təxminən 5 milyon dollardır və onlar yalnız ABŞ və Yaponiyada istehsal olunur.
"AIM-120 AMRAAM" birbaşa görünüş hüdudlarından kənarda hədəfləri vura bilən, orta mənzilli, bütün hava şəraitində istifadə olunan Amerika "hava-hava" sinfinə aid idarəolunan raketdir. O, "Harrier-II", "F-15", "F-16", "F/A-18", "F-22" və "F-35" də daxil olmaqla müxtəlif müasir qırıcılar üçün əsas silahdır, həmçinin NATO-nun digər ölkələrinin silahlanmasındadır.
Bundan əlavə, kosmos və dəniz təhlükəsizliyi sahəsində əməkdaşlığın gücləndirilməsi barədə razılıq əldə olunub. Çoxsəviyyəli kosmik əməliyyatlar sahəsində beynəlxalq kosmik infrastrukturun müştərək yaradılmasını nəzərdə tutan anlaşma memorandumu da qəbul olunub. Almaniyanın Müdafiə Nazirliyi Alyans daxilində kosmik fəaliyyətlərin əlaqələndirilməsinin vacib hədəf olduğunu xüsusi qeyd edib.