Avstraliyanın Melburn şəhərində it sürüsü öz sahibələrini təcavüzkardan xilas edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Qeyd olunub ki, Melburnda koldan qəfildən çıxaraq qadınlara hücum edən kişiyə qarşı altı it müqavimət göstərib.
Qadınlardan biri hücum edən şəxsin əlindən qurtula bilib, bundan sonra cinayətkar ikinci qadına hücum çəkib. Bu zaman hər iki qadının itləri həmin şəxsə doğru atılıb. İtlərdən biri kişinin ayağından dişləyərək şalvarını cırıb. Qışqıraraq müqavimət göstərməyə çalışan təcavüzkar sonda avtomobil yolunun altındakı tunelə qaçaraq gizlənib.
O, hələ də tapılmayıb və hüquq-mühafizə orqanlarının əməkdaşları onun axtarışını davam etdirirlər. Polisdən verilən məlumata görə, baş vermiş hadisə təcavüzə cəhd kimi qiymətləndirilir.