ABŞ-nin Aydaho ştatında baş verən güclü meşə yanğını zamanı yanğınsöndürənlər silahlı hücuma məruz qalıblar. Hadisə nəticəsində azı iki nəfər həlak olub.
Oxu.Az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Kenfild Mauntin bölgəsində, Kör-d'Alen şəhəri yaxınlığında qeydə alınıb.
Məlumata əsasən, daha bir nəfər ağır yaralanıb və vəziyyəti kritik olaraq qiymətləndirilir.
İlkin ehtimallara görə, şübhəli şəxs yanğını qəsdən törədərək xilasetmə və hüquq-mühafizə orqanlarının əraziyə gəlməsini təmin edib. Daha sonra isə gizləndiyi mövqedən onlara atəş açmağa başlayıb.
Polis axtarış tədbirlərini helikopterlərin iştirakı ilə davam etdirib. Nəticədə atəş açılan ərazidə bir kişi meyiti və onun yanında odlu silah aşkar olunub. Onun hücumun təşkilatçısı olduğu ehtimal edilir.
Hazırda şəxsin bu addımı hansı məqsədlə atdığı məlum deyil. Hadisə ilə bağlı istintaq davam etdirilir.