İraqın paytaxtı Bağdadda sutka ərzində baş verən ikinci partlayış zamanı ən azı yeddi nəfər ölüb, 30-a yaxın adam yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Al-Jazeera” telekanalı təhlükəsizlik xidmətindəki mənbəyə və şahidlərə istinadən məlumat yayıb.
Bu dəfə də bomba avtomobilə qoyulmuşdu. Şahidlər tərəfindən çəkilmiş kadrlarda partlayış yerindən səmaya qalxan qatı qara duman görünür.
Daha öncə İraqın paytaxtında dondurma mağazasının yaxınlığında avtomobilin partlaması nəticəsində 13 nəfərin öldüyü, 30 nəfərin isə yaralandığı barədə məlumat yayılmışdı.
“İslam dövləti” terror təşkilatı hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb.
N.O.
www.oxu.az