Azərbaycanda karantin tədbirlərinin sərtləşdirilməsinin nəticələri bir neçə gündən sonra məlum olacaq, hələlik isə ölkədə koronavirusa yoluxanların sayında artım var.
Aydındır ki, hazırkı durum karantin rejiminin yumşaldılmasından sonra, insanların kütləvi şəkildə alış-veriş mərkəzlərinə axışması, maska taxmaq və sosial məsafə qaydalarına riayət etməməsinin nəticəsidir.
Digər mövzu isə insanların mövcud problemə inanmaması ilə bağlıdır, baxmayaraq ki, artıq ixtisaslaşdırılmış xəstəxanalar dolub, həkimlər həyəcan təbili çalır, insanları elementar qaydalara riayət etməyə çağırırlar. Hətta bu gün, karantin rejiminin sərtləşdirildiyi bir vaxtda, Bakı şəhərinin ətraf ərazilərində insan sıxlığı səbəbindən sərbəst hərəkət etmək mümkün deyil: uşaqlar futbol oynayır, qocalar nərd vurur, qadınlar isə toplu halda gəzintiyə çıxırlar.
Niyə insanlar özləri və ya qohumları xəstələnməyincə, koronavirusun mövcudluğuna inanmırlar?
Media.Az professor, biologiya elmləri doktoru, Belarus Milli Elmlər Akademiyasının Genetika və Sitologiya İnstitutunun insan genetikası laboratoriyasının müdiri İrma Mosse ilə söhbət edib.
- Azərbaycanda koronavirusa yoluxma sayında yüksəlmə qeydə alınır, nəticədə, hökumət yenidən karantin rejimini sərtləşdirir...
- İnsanlar təcrid vəziyyətindədir, təbii ki, immunitet bundan zərər görür. Lakin əsas məqam karantin rejiminin yumşaldılmasından sonra adamların kütləvi şəkildə küçəyə çıxması ilə əlaqədardır.
- Həkimlər videolar çəkir, insanlara müraciət edir, vəziyyətin ciddiliyini izah edir, özlərini də olmasa, başqalarını qorumağı xahiş edirlər. Ancaq insanlar hələ də inanmırlar.
- Fikir verin, radiasiyadan hamı qorxur, baxmayaraq ki, onu görmürlər və eşitmirlər. Amma, biz eynilə virusu da görmürük və eşitmirik, lakin nədənsə, çoxumuz ondan qorxmuruq. Halbuki koronavirus radiasiyadan daha pisdir. Kiçik dozalarda şüalanma o qədər də təhlükəli deyil, ancaq insanlar ondan çəkinir. Virus isə buradadır, xəstələr, ölənlər var.
- Mən mütəmadi olaraq yoluxanların sayı az olan Gürcüstanla bağlı ekspertlərə sual verirəm. Axı bu ölkə Azərbaycan və Ermənistanla qonşudur. Ermənistan isə, ümumiyyətlə, adambaşına düşən yoluxma sayına görə ABŞ-ı da qabaqlayır.
- Bilirsiniz, burada genetik fərq amili də rol oynaya bilər. Bu, məlum amildir və bütün dünya hazırda genotiplərdəki fərqlərin koronavirusa həssaslığını öyrənir. Bəlkə də, bu, vəziyyəti necə qəbul etməkdən asılıdır.
- Bir neçə gün əvvəl çinli epidemioloq Çjun Nanşan bildirdi ki, 2021-ci ilin yazına qədər dünyada COVID-19-a kütləvi yoluxma halları davam edəcək.
- Mən bu fikirlə razı deyiləm. Bunu heç kim bilmir, eynilə qəhvə fincanındakı çöküntüdə fala baxmağa oxşayır.
- Sizin də qeyd etdiyiniz kimi, nəzərə alsaq ki, çoxları koronavirusa inanmır, bizim vətəndaşlarımıza nə tövsiyə edərdiniz?
- Sadə məsləhətlər, gündəlik yaşayışları ilə əlaqədar olan tövsiyələr. Əllərinizi mümkün qədər tez-tez yumalısınız, mənzilinizdə, yaxud bağ evlərində qalmalısınız. Görüşərkən qucaqlaşmaq və öpüşmək qəti qadağandır, bu məqam Şərqdə çox geniş yayılıb. Hazırda Belarusda əl verib salamlaşmırlar, bu, çox düzgün davranış qaydasıdır. Qapı tutacaqlarına və ya lift düymələrinə toxunduqda əlcəkdə olun. Parkda, insanların seyrək olduğu yerdə maska taxmağa ehtiyac yoxdur, lakin insanların sıx olduğu yerlərdə, nəqliyyatda, mağazada bu vacib şərtdir.