ABŞ HDQ-nin “Dəniz pişikləri” Xüsusi əməliyyat dəstəsinin (XƏD) hərbçisi Robert O`Nil Daily Mail qəzetinə “Əl-Qahidə” terror qrupunun lideri Üsamə ben Ladeni 2011-ci ildə məhz onun öldürdüyünü bildirib.
Oxu.Az xəbər verir ki, nəşrin məlumatına əsasən 38 yaşlı O`Nil ilə böyük müsahibə noyabrda Fox Amerika telekanalında göstəriləcək.
O, öz kimliyini, xidmətdən ani istefası ilə əlaqədar bir sıra sosial imtiyazlardan məhrum olduqdan sonra üzə çıxarmağı qərara alıb. Xüsusi təyinatlı dəstənin üzvü orduda 20 il əvəzinə 16 il xidmət göstərib.
O`Nil Montana ştatında doğulub, indiyə qədər də orada atası ilə bərabər yaşayır.
Orduya 19 yaşında uğursuz məhəbbət hekayəsi bitdikdən sonra yollanıb. 400 hərbi əməliyyatda, o cümlədən də İraq və Əfqanıstanda keçirilən əməliyyatlarda iştirak edib. “Bir nömrəli terrorçu”nun qətlinə görə, O`Nil xüsusi mükafata layiq görülüb.
Üsamə ben Laden 2011-ci ilin may ayında Pakistanın Abbottabad şəhərində amerikalıların xüsusi təyinatlı dəstələrinin əməliyyatı zamanı qətlə yetirilib. “Əl-Qahidə”nin rəhbərinin cəsədi dənizə atılıb.
www.oxu.az