ABŞ-də "Captain Crunch Boats" "YouTube" kanalının müəllifi canlı yayım zamanı iki bıçaq xəsarəti alıb.
Oxu.Az xəbər verir ki, bu barədə "ABC13 Houston" portalı Texas ştatının Harris dairəsinin şerif ofisinə istinadən məlumat yayıb.
Bloqer Hyuston yaxınlığındakı Klir gölündə yerləşən körpüdə gəzirmiş. Qayıq və yaxtalarda istirahət edən insanlar ona müraciət etdikdə, o, zarafatla "OnlyFans" üçün video çəkdiyini deyib. Bu, körpüdə uşaqları və həyat yoldaşı ilə birlikdə olan kişilərdən birinin xoşuna gəlməyib. O, bloqerdən uşaqların yanında "OnlyFans" barədə danışmamasını xahiş edib. Bundan sonra kontent yaradıcısı ilə həmin şəxs arasında mübahisə yaranıb və tərəflər bir-birini açıq şəkildə təhqir etməyə başlayıblar.
Bir anda bloqer kamerasını yerə salıb və ağrıdan qışqırıb. Yutuberin mübahisə etdiyi kişinin həyat yoldaşı ucadan ondan bıçağı yerə qoymasını istəyib. Körpüdə olan insanlar polis və təcili tibbi yardım çağırıblar.
Daha sonra bloqer əlaqə saxlayaraq iki dəfə bıçaqlandığını, lakin sağ qaldığını və hazırda müalicə aldığını bildirib. Ona hücum edən şəxsi isə qısa müddətdə saxlamaq mümkün olmayıb - polis onu axtarışa verib.