Hacıqabul şəhərində törədilən dəhşətli qətlin təfərrüatı məlum olub.
Hadisə şəhərin Sabir Almazov küçəsində "Mercedes" markalı avtomobildə baş verib.
Hacıqabul sakini Cəfər Həsənov bacısı, 19 yaşlı Zeynəb Qocayevanı qısqanclıq zəminində boyun nahiyəsindən bıçaqlayaraq qətlə yetirib.
Hadisəni törətməkdə şübhəli bilinən Cəfər Həsənov könüllü olaraq polisə təslim olub.
Hadisənin şahidi baş verənlərlə bağlı bunları deyib:
"Evdə oturmuşdum. Burada bir maşının dayandığını gördüm. Alüminium tozu rəngində "Mercedes" idi. Yolun düz ortasında, bizim evlə o biri evin arasında dayanmışdı.
Gördüm ki, maşından heç kim düşmədi. Qapının səsini də eşitmədim. Durub çöldən baxdım, belə bir zingilti səsi eşitdim. Elə bildim ki, maşın iti vurdu.
Məni gördükdən sonra sürüb getdi. Baxdım ki, it də yoxdur. Dedim, ola bilsin, hansısa itə toxunub, sürüb gedib. Başqa heç nə olmadı. Nə maşından düşən oldu, nə də maşına minən. Adamın fikrinə gəlməz axı nömrəni götürsün. O özü onsuz da gedib təslim olub".
Şahid həmin şəxsləri tanımadığını və onların bu ərazidə yaşamadıqlarını bildirib.
Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Hacıqabulda qətl törədilib.
Oxu.Az APA-ya istinadla xəbər verir ki, hadisə Hacıqabul şəhərində İ. Qayıbov küçəsində minik avtomobilində baş verib.
İlkin ehtimala görə, Hacıqabul sakini, 2007-ci il təvəllüdlü Zeynəb Qocayeva qardaşı tərəfindən boyun nahiyəsindən bıçaqlanaraq qətlə yetirilib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs könüllü olaraq polisə təslim olub.
Faktla bağlı araşdırma aparılır.