80 uşaq və yeniyetmə Donesk ətrafında vurulmuş “Boeing”də həlak olublar. Onların arasında üç körpə və bir küçədə yaşayan iki holland ailəsinin üzvləri var idi.
Oxu.Az The Daily Mail-ə istinadən xəbər verir ki, avstraliyalı Rin Norris bu faciədə atasını və üç uşağını – 12 yaşlı oğlu Mo, 10 yaşlı qızı Evini və səkkiz yaşlı oğlu Otisi itirib. Uşaqların anası öz vətəndaş nikahında olduğu əri ilə Amsterdamda bir neçə gün yenə qalmağı qərara alıb, onlar isə babaları ilə bərabər Avropa tətilindən evə geri qayıdırdılar.
Həlak olanlar arasında üç körpə, o cümlədən 21 aylıq Kaela Qos var idi, onun valideynləri Hollandiyada qohumları ilə görüşdükdən sonra Malayziyaya evə qayıdırdılar.
Bir küçədə yaşayan iki holland ailəsi də faciədə həlak olub.
Tess və Liv Traqq 10 və 8 yaşında idilər, eləcə də onların qonşuları 10 yaşlı Sem Uels valideynləri ilə bərabər Baliyə tətilə yollanmışdılar.
5 yaşlı Martin Paulissen və onun 3 yaşlı bacısı valideynləri ilə İndoneziyada dəfn edilmiş nənələrinin məzarını ziyarətə gedirdilər.
6 nəfərdən ibarət Malayziya ailəsinin üzvləri içində 13 yaşdan 19 yaşa qədər 4 yeniyetmə var idi.
İngilis bankiri Endryu Xoara və onun hollandiyalı arvadı Estellanın oğlu da bu qəzada həlak olub.
Digər ingilis Con Allen və onun arvadı - hollandiyalı Sandra üç oğlu İan, Culiyan və Kristofer ilə İndoneziyaya səyahətə getmişdilər. Uşaqlardan ən böyüyünün 16 yaşı var idi.