İsrail və ABŞ-nin İrana zərbələri ilə bağlı çağırılan BMT Təhlükəsizlik Şurasının təcili iclası Vaşinqton və Tehran nümayəndələri arasında mübahisə ilə başa çatıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, tərəflər bir-birini beynəlxalq hüququ pozmaqda və diplomatik etikaya əməl etməməkdə ittiham ediblər.
ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts bildirib: "Vaşinqtonun hərəkətlərinin beynəlxalq hüquqa uyğun olmadığı barədə bu absurd və açığı, fars xarakterli iddianı qətiyyətlə rədd edirik".
İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İravani isə cavabında amerikalı həmkarını təmkinli olmağa çağırıb. "Sizə, ABŞ nümayəndəsi, nəzakətli olmağı məsləhət görürəm. Bu, həm sizin, həm də təmsil etdiyiniz ölkə üçün daha yaxşı olar", - deyə o bildirib.
Uolts müzakirəni "buna daha bir cavab vermək niyyətində deyiləm" sözləri ilə yekunlaşdırıb.
Yaxın Şərqdə gərginliyin artması fonunda BMT Təhlükəsizlik Şurasının təcili iclası başlayıb.
İclasda regionda son hadisələr, İsrail-İran qarşıdurması və mümkün genişmiqyaslı münaqişə riski müzakirə olunur.
ABŞ və İsrailin İrana zərbələri ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclası fevralın 28-də yerli vaxtla saat 16:00-a (Bakı vaxtı ilə 01:00) təyin edilib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
BMT yanında Rusiyanın diplomatik missiyasının bəyanatında bildirilib ki, ABŞ və İsrailin İrana qarşı hücumları ilə əlaqədar Rusiya və Çin TŞ-nin təcili iclasının çağırılmasını tələb ediblər. Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda Fransa, Bəhreyn və Kolumbiya da iclasın keçirilməsini dəstəkləyib.
Sənəddə qeyd olunub ki, ABŞ və İsrailin İrana qarşı hərəkətləri beynəlxalq hüququn əsas prinsiplərinin və normalarının birbaşa pozulmasıdır. Bildirilib ki, bu cür addımlar Yaxın Şərq regionunda sülhə, sabitliyə və təhlükəsizliyə ciddi təhdid yaradır və BMT Katibliyindən obyektiv qiymətləndirmə gözlənilir.