Cənubi Koreya Prezidenti Li Çje Myon Seulda baş tutan mətbuat konfransında ABŞ ilə 350 milyard dollar həcmində investisiya öhdəlikləri barədə müzakirələrin onu yuxusuz qoyduğunu etiraf edib.
Bu barədə Oxu.Az "Bloomberg" agentliyinə istinadən xəbər verir.
"Mən özüm bu barədə düşünərək yuxusuz gecələr keçirmişəm. Bunun olduqca böyük əhəmiyyəti var", - deyə Li mətbuat konfransında vurğulayıb.
Seul tərəfindən vəd edilən 350 milyard dollarlıq investisiya paketinin icrası ilə əlaqədar Cənubi Koreya və ABŞ arasındakı danışıqlar faktiki olaraq dalana dirənmişdi və yaranan fasilədən sonra yenidən bərpa edilib.
Agentlik diqqətə çatdırır ki, Linin bu bəyanatları ötən il Donald Tramp Administrasiyası ilə bağlanmış investisiya sazişinin reallaşdırılması zamanı Cənubi Koreyanın qarşılaşdığı çətinlikləri nümayiş etdirir. Hazırda dövlətlər razılaşmalar çərçivəsində ilkin layihələri müzakirə edirlər. Prosesin ləngiməsi Vaşinqtonun narazılığına səbəb olub - ötən ay Tramp qəfil olaraq birgə hərbi təlimlərin miqyasını kiçildib.
Linin sözlərinə əsasən, Seul və Vaşinqton arasında dialoq Cənubi Koreyanın milli maraqlarına zidd olmayan və hər iki ölkəyə mənfəət gətirəcək layihələrin hazırlanması məqsədilə yenidən başlayıb. O cümlədən, prezident qeyd edib ki, ölkəsi yalnız kommersiya baxımından sərfəli hesab etdiyi layihələrdə iştirak edəcək. Seul məhz bu şərtin Vaşinqtonla müqaviləyə əlavə olunmasında israr edib.
Cənubi Koreyanın investisiya planı, ABŞ tərəfindən tətbiq edilən rüsumların artırılmasından yayınmaq üçün Amerika iqtisadiyyatına sərmayə qoymağa razılaşan qonşu Yaponiya ilə əldə olunmuş müqavilələrə bənzəyir. "Cənubi Koreya hər hansı münasibətlərin təsirinə, təzyiqə və ya məcburiyyətə boyun əyməməlidir", - deyə Li xüsusi olaraq diqqətə çatdırıb.