Cənubi Koreyanın Xarici İşlər Nazirliyi (XİN) Ukraynanın bu ölkədəki səfiri səlahiyyətlərini icra edən Andrey Veşkini quruma çağırıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Məlumata əsasən, Kiyev iki Şimali Koreya hərbi əsirinin Seula verilməsi faktını ictimailəşdirdikdən sonra diplomatdan dərhal XİN-ə gəlmək tələb edilib. Baş verənlər fonunda Cənubi Koreya tərəfi Ukraynanı təhvilvermə prosesinin sirr olaraq qalmasını və Şimali Koreya hərbçilərinin təhlükəsizliyini hədəfləyən məxfilik müqaviləsini pozmaqda ittiham edib. Bununla belə, Ukrayna mediası ölkə liderinin administrasiyasındakı mənbəyə istinadən Kiyev və Seul arasında belə bir konfidensiallıq sazişinin mövcudluğunu təkzib etdiyini vurğulayıb.
Şimali Koreyaya məxsus iki hərbi əsirin Seula təhvil verilməsi barədə məlumatın ictimailəşdirilməsindən sonra Cənubi Koreya Ukraynadan rəsmi izahat və üzr tələb edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
"Prezident Administrasiyası Ukraynanın məlumatı birtərəfli qaydada açıqlaması və ardınca gizlilik barədə razılaşmanın olmaması haqqında verdiyi yalan bəyanatla əlaqədar dərin təəssüf hissi keçirir", - deyə Cənubi Koreya rəsmisi Son Qi Hon bildirib.
Cənubi Koreya Administrasiyasının nümayəndəsinin sözlərinə görə, Kiyev hərbi əsirlərin verilməsi məsələsini müxtəlif kanallar vasitəsilə Seulla dəfələrlə müzakirə edib və məlumatın gizli saxlanılmasını özü xahiş edib. Bununla belə, Cənubi Koreyanın məlumatı sirr olaraq saxlamağa razılıq verməsinə baxmayaraq, Ukrayna Prezidenti Volodimir Zelenski BMT Baş Assambleyasındakı çıxışı zamanı bu faktı açıqlayıb.
Seulda bunu ölkələr arasındakı etimada vurulan ciddi zərbə kimi qiymətləndiriblər və hadisə ilə əlaqədar Kiyevə qarşı əlavə tədbirlərin görülməsi imkanını nəzərdən keçirdiklərini bəyan ediblər.
Daha əvvəl Cənubi Koreya Prezidenti Li Çje Myon Şimali Koreya hərbçilərinin Seula verilməsi haqqında məlumatın yayılmasına görə Ukraynanı sərt tənqid etmişdi. Onun sözlərinə görə, tərəflər əsirlərin təhvil verilməsi faktını gizli saxlamaq barədə razılığa gəlmişdilər. Bundan sonra Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Dmitri Litvin bildirib ki, Kiyevin Şimali Koreya hərbçilərinin Seula verilməsi faktının açıqlanmaması ilə bağlı Cənubi Koreya ilə heç bir razılaşması olmayıb. O, "belə bir razılaşma yox idi, bu yalandır", - deyə vurğulayıb.