Çin Xalq Respublikasının Ticarət Nazirliyi ABŞ-yə məxsus 10 şirkəti ixrac nəzarəti siyahısına əlavə edərək, onlara ikili təyinatlı məhsulların tədarükünə qadağa qoyub.
Oxu.Az xəbər verir ki, bu barədə TASS Çin qurumunun rəsmi bəyanatına istinadən məlumat yayıb.
Qəbul edilmiş qərara əsasən, Çin ixracatçılarına həm mülki, həm də hərbi məqsədlər üçün istifadə oluna biləcək malların adları çəkilən müəssisələrə satılması qadağan edilir. Tətbiq edilən məhdudiyyətlər, həmçinin Çin mənşəli ikili təyinatlı malların həmin şirkətlərə ötürülməsi qadağan olunan bütün ölkə və regionlardakı təşkilatlara, o cümlədən fiziki şəxslərə də şamil olunur.
Nazirlikdən xüsusi olaraq vurğulanıb ki, artıq başlanmış ixrac əməliyyatları dərhal dayandırılmalıdır. Yalnız müstəsna hallarda tədarükçülər Çin Ticarət Nazirliyinə xüsusi icazə almaq üçün müraciət edə biləcəklər.
Bundan əlavə, Çin hökuməti dövlət satınalmaları çərçivəsində ABŞ-nin 46 şirkətinin məhsullarının alınmasına qadağa tətbiq edib. Bununla belə, sözügedən məhdudiyyətlər Çin ərazisində fəaliyyət göstərən və ABŞ kapitalı ilə maliyyələşən müəssisələrə aid edilmir.
Pekindən verilən açıqlamada bildirilir ki, bu tədbirlər ölkənin milli təhlükəsizliyinin və dövlət maraqlarının qorunması, eləcə də silahların yayılmaması sahəsində beynəlxalq öhdəliklərin yerinə yetirilməsi məqsədilə həyata keçirilib. Qərar dərc olunduğu andan etibarən qüvvəyə minib.
Xatırladaq ki, bundan əvvəl Pekin Vaşinqton tərəfindən İranla neft ticarətində ittiham olunan beş Çin neft-kimya şirkətinə qarşı ABŞ sanksiyalarının tanınmasını və icrasını qadağan edən xüsusi sərəncam imzalamışdı.