İyulun 17-də Çinin cənub-qərbində yerləşən Çuntsin meqapolisində baş vermiş irimiqyaslı torpaq sürüşməsi nəticəsində həlak olanların sayı 51 nəfərə çatıb. Bundan başqa 10 nəfərin itkin düşdüyü bildirilir. Qeyd edək ki, təbii fəlakət son on ildən artıq müddət ərzində qeydə alınan ən çox insan tələfatı ilə nəticələnən torpaq sürüşməsi olub.
Oxu.Az xəbər verir ki, bu barədə "Вloomberg" agentliyi məlumat yayıb.
Yerli hökumət nümayəndələrinin sözlərinə görə, axtarış-xilasetmə tədbirlərinin gedişatına təqribən 18 min kubmetr təşkil edən böyük həcmli dağıntılar mane olur. Vəziyyəti çətinləşdirən əsas amil uçmuş kütlənin dar bir ərazidə toplanmasıdır.
Çin Xalq Respublikasının Sədri Si Cinpin Çuntsindəki sürüşmədən sonra xilasetmə işlərinin genişləndirilməsinə və gələcəkdə bu kimi bədbəxt hadisələrin qarşısının alınması üçün zəruri addımların atılmasına çağırış edib.
Xatırladaq ki, iyulun 17-də baş verən torpaq sürüşməsi 10-dan çox yaşayış binasının uçmasına səbəb olub. Ən azı 1 100 yerli sakin təhlükəsiz ərazilərə köçürülüb. Hadisə ilə əlaqədar olaraq, fəlakət zonasından 1 kilometr radiusda olan ərazilərdə qaz, elektrik enerjisi və su təchizatı müvəqqəti olaraq dayandırılıb.