Ekvador hökuməti oktyabrın 14-də Quayakildə avtomobilin partladılmasını terror aktı kimi qiymətləndirib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Prensa Latina" nəşri yerli məmurların bəyanatlarına istinadən məlumat verib.
"Ekvador hakimiyyəti bu gün sahilyanı Quayakil şəhərində avtomobilin partladılması hadisəsini ən azı bir nəfərin ölümü və iki nəfərin yaralanması ilə nəticələnən terror aktı adlandırıb", - deyə nəşr qeyd edib.
Boliviyanın daxili işlər naziri Con Reymberqin dediyi kimi, hadisə yerində içi partlayıcılarla dolu olan iki minalanmış avtomobil olub, onlardan yalnız biri partlayıb.
"Bunlar ölkəyə xaos yaymaq istəyən cinayətkar qruplar tərəfindən peşəkarlıqla hazırlanmış hadisədir", - deyə o bildirib.
Hazırda polislər və hərbçilər hadisəni törədənləri və onların motivlərini müəyyən etmək üçün koordinasiyalı şəkildə araşdırma aparırlar.
Ekvadorun Quayakil şəhərindəki "Mall del Sol" ticarət mərkəzinin qarşısında güclü partlayış baş verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "La Republica" nəşri məlumat verib.
Məlumata görə, hadisə nəticəsində üç nəfər yaralanıb, onlardan biri dünyasını dəyişib. Xəsarət alanlardan ikisi taksi sürücüsüdür.
Partlayış dalğası həmçinin ticarət mərkəzinin fasadına və park edilmiş avtomobillərə, eləcə də yaxınlıqdakı binalara ziyan vurub ki, bu binalarda Ekvador Prezidenti Daniel Noboanın ailəsinin sərmayə qoyduğu şirkətlərin ofisləri yerləşir.
Hadisə yerinə mütəxəssislər və polis gəlib, ətraf mühasirəyə alınıb.
Partlayışa maşınlardan birinin altına yerləşdirilmiş partlayıcı qurğunun səbəb olduğu güman edilir, lakin hüquq-mühafizə orqanları hələlik bu ehtimalı 100 faizlik təsdiqləyə bilmir.
