Yaponiyanın cənubunda yerləşən Okinava prefekturasında güclü "Bavi" tayfunu nəticəsində 12 nəfər xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Kyodo" informasiya agentliyi məlumat yayıb.
Məlumata görə, zərərçəkənlərin əksəriyyəti uçan əşyaların çırpılması və ya qasırğalı küləyin onları yıxması səbəbindən əzilmələrə məruz qalıblar.
Miyako kurort adasında iki qadın turisti dalğalar aparsa da, onlar sahilə çıxa biliblər, lakin müxtəlif bədən xəsarətləri alıblar.
Təbii fəlakət zonasında küləyin sürəti saniyədə 40 metri keçir, bəzi ərazilərdə isə 55 m/s-ə çatır. Bu cür güclü külək hətta minik avtomobilini aşıra bilər. "Bavi" Okinava ərazisindən şimal-qərb istiqamətində, Çin sahillərinə doğru saatda 25 km sürətlə hərəkət edir.
Şiddətli külək güclü leysan yağışları ilə müşayiət olunur. İyulun 12-si səhər saatlarına qədər bir gün ərzində bölgəyə 250 mm-ə qədər yağıntının düşəcəyi ehtimal edilir. Yerli qurumlar sakinləri sel və torpaq sürüşməsi təhlükəsi ilə bağlı xəbərdar edir.
Okinavanın əsas adasında və prefekturaya aid daha kiçik adaların hava limanlarında 220 uçuş təxirə salınıb. Miyako adasında elektrik enerjisi kəsilib və küçə işıqforları söndürülüb. Tayfun səbəbindən gəmilərin və bərələrin hərəkəti tamamilə dayandırılıb.
"Reuters"in məlumatına əsasən, Çin hökuməti "Bavi" supertayfunu ilə əlaqədar 1,8 milyondan çox insanı təxliyə edib. Təbii fəlakət böyük Vencou şəhərinə doğru yaxınlaşır.
"Bavi" şimal-qərb marşrutu üzrə irəlilədikcə zəifləsə də, öz yağış zolaqlarında daşıdığı və ölçüsü bir ucundan digərinə qədər təxminən Fransa boyda olan nəhəng rütubət həcminə görə hələ də ciddi təhlükə mənbəyi olaraq qalır.
Milli Meteorologiya Mərkəzindən bildirilib ki, "Bavi" tayfununun mərkəzində küləyin maksimal sabit sürəti saatda 144 kilometrə çatıb. Proqnozlara əsasən, "Bavi" bazar günü səhər tezdən təxminən 10 milyon insanın yaşadığı Vencou bölgəsində quruya daxil olacaq.
Tayvanda "Bavi" qasırğası səbəbindən ən azı 36 nəfər xəsarət alıb.
Oxu.Az "Focus Taiwan" informasiya portalına istinadən xəbər verir ki, sakinlər daha ağacların budaqlarının qırılması nəticəsində xəsarət alıblar.
Ölənlər barədə hələlik heç bir məlumat verilməyib.
İyulun 11-i səhər saatlarına olan məlumata görə, bütün Tayvan üzrə potensial təhlükəli zonalardan 14 210 nəfər təxliyə edilib. Təxliyə edilənlərin ən çox sayı - 5 167 nəfər Hualyan qraflığında qeydə alınıb.
Bu arada qasırğa adaya güclü leysan yağışları gətirib. Adanın Mərkəzi Meteorologiya İdarəsinin (CWA) məlumatına görə, Sinçu və Myaoli qraflıqlarının bəzi rayonlarına 400 mm yağıntı düşüb. Sinoptiklər xəbərdarlıq edirlər ki, güclü leysan daha bir neçə saat davam edəcək. Rəsmilərin bildirdiyinə görə, güclü külək və yağışlar səbəbindən elektrik verilişi xətləri zədələnib, 27 min ev işıqsız qalıb, hazırda bərpa işləri aparılır.
Mütəxəssislərin fikrincə, Tayvanda 1987-ci ildən bəri ən güclü qasırğa ola biləcək "Bavi" özü ilə saniyədə 50 metrə çatan külək gətirir. Bundan əlavə, hakimiyyət sahilboyu ərazilərdə hündürlüyü 6 metrdən çox olan dalğalar barədə xəbərdarlıq edib. CWA-nın proqnozlarına görə, Tayvan iyulun 11-i gecə saatlarında və ya iyulun 12-si səhər erkən "Bavi" qasırğasının təsir zonasından çıxacaq.
Filippində "Bavi" tayfunu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.
Oxu.Az "Dobol B TV"yə istinadən xəbər verir ki, bu barədə respublikanın Mülki Müdafiə İdarəsi rəhbərinin müavini Bernardo Alexandro açıqlama verib.
"Əldə olan məlumatlara əsasən, 17 nəfər həyatını itirib. Qurbanların əksəriyyəti Saranqani əyalətinin Malapatan bələdiyyəsinin payına düşür", - deyə o bildirib. Bir neçə şəxs itkin düşmüş hesab edilir, hazırda bu məlumatlar dəqiqləşdirilir.
Təbii fəlakət ölkə miqyasında 112 min ailəyə ziyan vurub. Ölüm hallarının əksəriyyəti aramsız yağışların yaratdığı torpaq sürüşmələri səbəbindən qeydə alınıb. Mövcud 77 təxliyə mərkəzinə 2.9 min ailə (və ya təxminən 11 min nəfər) yerləşdirilib. Filippinin silahlı qüvvələri, polis, yanğınsöndürmə və sahil mühafizə xidmətləri gücləndirilmiş iş rejiminə keçib.