Çinin Milli Meteorologiya Mərkəzi iyulun 10-da "Bavi" tayfunu ilə bağlı narıncı xəbərdarlıq səviyyəsini uzadıb və cari il sayca doqquzuncu olan tayfunun güclü yağış və şiddətli külək gətirəcəyi gözlənilir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Xinhua" nəşri məlumat verir.
Milli Meteorologiya Mərkəzinin məlumatına görə, iyulun 9-da səhər "Bavi" tayfununun mərkəzi Çinin şərqindəki Çjetszyan və Futszyan əyalətləri arasındakı sərhədlərin qovşağından təxminən 1 020 kilometr cənub-şərqdə yerləşib, üstəlik, onun mərkəzinə yaxın küləyin maksimal sürəti saniyədə 42 metrə çatıb.
Proqnozlara görə, "Bavi" 15-20 km/saat sürətlə şimal-qərb istiqamətində hərəkət edəcək və iyulun 11-də axşam Syapu şəhəri (Futszyan əyaləti) ilə Venlin şəhəri (Çjetszyan əyaləti) arasındakı sahil zonasına çatacaq. Quruya çıxdıqdan sonra tayfun şimal-qərbə doğru hərəkətini davam etdirəcək və tədricən gücünü itirəcək.
İyulun 10-da saat 14:00-dan iyulun 11-də saat 14:00-dək olan müddətdə Tayvanın şərqinə doğru sularda, Şərqi Çin dənizinin böyük hissəsində və Dyaoyuydao adaları yaxınlığındakı sularda, eləcə də Çjetszyan və Futszyan əyalətlərinin sahillərində və Tayvan adasında güclü küləklər gözlənilir.
Çjetszyan əyalətinin cənub-şərqinə, Futszyanın şimal-şərqinə və Tayvan adasına leysan yağacaq, üstəlik, Tayvanın bəzi ərazilərində yağıntının miqdarı 250-800 mm-ə çatacaq. Bu bölgələrin sakinlərinə dağlıq ərazilərdən, çay vadilərindən və geoloji fəlakətlər riski olan digər yerlərdən çəkinmək tövsiyə olunur.
Xatırladaq ki, Çində əlverişsiz hava şəraiti haqqında dörd səviyyəli xəbərdarlıq sistemi qəbul edilib ki, burada ən yüksək təhlükə səviyyəsi qırmızı olaraq müəyyən edilib, onun ardınca isə narıncı, sarı və mavi rənglər gəlir.