Moldova Prezidenti Maya Sandu Ukraynada yaşayan bankir Vasili Tofanı ölkənin baş naziri vəzifəsinə namizəd kimi irəli sürüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "RİA Novosti" nəşri məlumat verib.
Brifinq zamanı ölkə lideri bildirib ki, "Hərəkət və həmrəylik" partiyası ilə məsləhətləşmələr aparıb və Tofanın baş nazir vəzifəsinə namizədliyini irəli sürən fərman imzalayıb.
Ukrayna KİV-in yazdığına görə, Vasili Tofan Ukraynada biznes layihələrinə 700 milyon dollardan çox investisiya yatıran "Horizon Capital" şirkətinin tərəfdaşıdır.
Xatırladaq ki, iyulun 3-də Moldovanın keçmiş baş naziri Aleksandr Muntyanu istefasını elan edib. O, qərarı ilə bağlı konkret səbəblər açıqlamayıb, sadəcə öz prinsiplərinə uyğun olaraq bu vəzifədə artıq xidmət etməyinin mümkün olmadığını bildirib.
İstefa Moldovada böyük ictimai qalmaqal fonunda baş verib. Bu, Maya Sandunun bacısı Anastasiya Taburçanunun müsabiqədənkənar dövlət vəzifəsinə təyin edildikdən sonra aldığı maaş səviyyəsi, eləcə də Mülki Aviasiya Təhlükəsizliyi Agentliyinin rəhbəri Dumitru Vanqelinin saxta ali təhsil diplomu və pilot lisenziyasına sahib olması ilə əlaqələndirilib.