Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Financial Times": Çində oğurlanmış "iPhone"ların saxlandığı anbar aşkar edilib
"Financial Times" qəzetinin jurnalistləri "Apple" smartfonlarının oğurlanması ilə bağlı beynəlxalq araşdırma aparıblar. Onlar müəyyən ediblər ki, bu cihazların əksəriyyəti yekunda Çinin Şençjen şəhərində yerləşən bir anbarda toplanır.
Oxu.Az xəbər verir ki, jurnalistlər bu yeri "oğurlanmış "iPhone"ların evi" adlandırıb.
Qeyd olunur ki, həmin bina rəsmi olaraq "iPhone"ların təmiri ilə məşğul olan mərkəz kimi tanınsa da, araşdırmalara görə, binanın dördüncü mərtəbəsində Avropa və ABŞ-dan gətirilmiş işlənmiş "Apple" cihazlarının satış anbarı yerləşir.
Qəzetin hesablamalarına görə, yalnız Londonda oğurlanmış texnika bazarının illik dövriyyəsi 65,5 milyon dollar təşkil edir.
Araşdırmada oğurlanmış cihazların dünyanı necə dolaşdığına dair konkret nümunə də verilib. Britaniyalı sahibkar Sem Amraninin "iPhone 15 Pro" modeli küçədə ondan oğurlanıb. O, cihazdakı izləmə funksiyası vasitəsilə telefonunun haraya hərəkət etdiyini izləyə bilib. Əvvəlcə smartfon Londonda bir təmir emalatxanasına düşüb, sonra şəhər daxilində bir neçə ünvan dəyişərək Honkonqa, ordan isə Şençjenə aparılıb.