ABŞ-nin Florida ştatında müşahidə olunan görünməmiş şaxtalar nəhəng yaşıl iquanalardan xilas olmaq üçün "unikal fürsət" yaradıb.
Oxu.Az bildirir ki, bu barədə yerli hakimiyyət orqanları açıqlama yayıb.
"Florida Fish and Wildlife Conservation Commission" (FWC) vətəndaşlara "donmaqda olan yaşıl iquanaları vəhşi təbiətdən kənarlaşdırmağa" icazə verən sərəncam imzalayıb. Sərəncama əsasən, hər kəs soyuğun təsiri altına düşmüş iquanaları bazar və bazar ertəsi günləri FWC-nin ofislərinə təhvil verə bilər. Eyni zamanda, onları insani şəkildə məhv etmək və ya bəzi hallarda səlahiyyətli şəxslərə satış üçün təqdim etməyə ayrıca icazə tələb olunmur.
Bildirilir ki, Floridada iquanalar invaziv növ hesab olunur və yaşayış evlərinə, eləcə də kommersiya bitki örtüyünə zərər vura, əmlak sahibləri üçün ciddi problem yarada bilirlər. Temperatur mənfi 5 dərəcə Selsiyə düşdükdə isə bu sürünənlər əzələlərini hərəkət etdirmək qabiliyyətini itirir, iflic və ya yuxu vəziyyətinə düşürlər.
FWC-nin açıqlamasında qeyd olunur ki, donmuş yaşıl iquanalarla işləyən sakinlər qoruyucu əlcəklər, şalvar və uzunqol geyimlərdən istifadə etməlidirlər. Mütəxəssislər iquanaların təhlükəsiz parça torbaya yerləşdirilməsini tövsiyə edirlər. Həmin torbalar daha sonra "qadağan olunmuş sürünənlər" işarəsi olan konteynerlərə qoyulmalıdır.