ABŞ-nin Florida ştatının sahillərində mülki gəmi tərəfindən İrana məxsus "Shahed-136" ("Şahed-136") pilotsuz uçuş aparatının (PUA) Amerika istehsalı olan klonu aşkar edilib.
Oxu.Az xəbər verir ki, bu barədə TWZ nəşri məlumat yayıb.
"Hot Spots Charters" şirkətinə məxsus balıqçı gəmisi ekskursiya zamanı PUA-nı Meksika körfəzində, ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) Eglin aviabazasının yaxınlığında sudan çıxarıb.
Nəşr qeyd edir ki, qurğu vizual olaraq "SpecktreWorks" şirkəti tərəfindən hərbi təlimlərdə İranın "Shahed-136" kamikadze dronlarını təqlid etmək məqsədilə yaradılmış və əvvəlcə FLM-136 adlandırılan "Low-Cost Uncrewed Combat Attack System" (LUCAS) adlı ABŞ PUA-sına bənzəyir.
Məqalədə vurğulanır ki, Eglin bazasının nümayəndələri PUA itirdiklərini təsdiqləyiblər. Buna baxmayaraq, onlar aparatın dəqiq modelini açıqlamayıblar.