ABŞ-nin Merilend ştatının federal məhkəməsi Donald Tramp Administrasiyasının Federal Təhqiqatlar Bürosunun (FTB) mərkəzi ofisinin Vaşinqtonda yerləşən Ronald Reyqan binasına köçürülməsini nəzərdə tutan qərarını ləğv edib.
Oxu.Az xəbər verir ki, bu barədə "RIA Novosti" məhkəmə sənədlərinə istinadən məlumat yayıb.
Bununla yanaşı, məhkəmə FTB üçün Merilenddə yeni binanın inşasına ayrılmış maliyyə vəsaitlərinin başqa istiqamətə yönəldilməsinə dair qərara da qadağa qoyub. Məhkəmənin mövqeyinə görə, mərkəzi ofisin tikintisinin dayandırılması ştat administrasiyası və yerli əhali üçün maddi itkilərlə nəticələnə bilər, habelə onları potensial gəlirlərdən məhrum edə bilər.
Xatırladaq ki, FTB-nin hazırkı mərkəzi 1975-ci ildən Vaşinqtonun mərkəzi hissəsindəki Edqar Huver adını daşıyan binada fəaliyyət göstərir. Lakin həmin bina köhnəldiyi üçün son 15 il ərzində büronun başqa yerə köçürülməsi ətrafında müzakirələr aparılıb. 2023-cü ildə ovaxtkı ABŞ prezidenti Co Baydenin administrasiyası FTB üçün Merilend ştatında yeni binanın tikintisi planını təsdiqləmiş və bu məqsədlə Konqres tərəfindən 323 milyon dollar vəsait ayrılmışdı.
Qeyd edək ki, iyul ayının başlanğıcında federal hökumət işlərini tənzimləyən ABŞ Ümumi Xidmətlər Administrasiyası (GSA) FTB-nin əsas ofisinin Vaşinqtonda, Ronald Reyqan binasına köçürülməsinin planlaşdırıldığını elan etmişdi.