"Türkiyə və Azərbaycan dünyanın iki ən yaxın ölkəsidir".
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü zamanı deyib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Haber Global" "YouTube" kanalının hazırladığı videosüjetdə bəhs edilir.
Bildirilir ki, 53 ölkədən 160 media təmsilçisinin qatıldığı IV Şuşa Qlobal Media Forumunda Azərbaycan Prezidenti İlham Əliyev KİV nümayəndələrinin suallarını cavablayıb və çox diqqətçəkən, xüsusilə Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı olduqca əhəmiyyətli məqamlara toxunub.
"Türkiyə və Azərbaycan dünyanın iki ən yaxın ölkəsidir. Siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrində, eləcə də xalqlar arasında münasibətlərin səviyyəsinə nəzər salınarsa, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın, iki dəstəkləyici və dost ölkəyə rast gəlmək, ehtimal ki, çətindir. Bu, xalqlarımız və dövlətlərimiz üçün böyük bir nailiyyətdir. Birlikdə daha güclüyük. Bu, nəqliyyat əlaqələri də daxil olmaqla, regional, istiqrar və əməkdaşlıq baxımından da olduqca vacib amildir", - deyə İlham Əliyev bildirib.
İlham Əliyev vurğulayıb ki, eyni zamanda, bu, təhlükəsizliyin təmin olunmasında da əhəmiyyətli rol oynayır.
"Çünki 5 il əvvəl, məhz burada - Şuşada Türkiyə prezidenti ilə birlikdə Şuşa Bəyannaməsini imzaladıq və bu sənəd münasibətlərimizi müttəfiqlik səviyyəsinə qaldırdı. Bu səbəbdən də biz təkcə qardaş və dost ölkə deyilik, həm də müttəfiqik", - deyə Azərbaycan Prezidenti qeyd edib.