Avqustun 24-nə keçən gecə silahlı dəstə Haitinin paytaxtı Port-o-Prens yaxınlığındakı Kensko şəhərinin sakinlərinə hücum edib. Hadisə nəticəsində ən azı 30 nəfər həlak olub.
Oxu.Az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Kenskonun meri Jan Massiyon bildirib.
Jan Massiyon əraziyə girişin çətinliyi və rabitə problemləri səbəbindən həlak olanların dəqiq sayını hələlik müəyyənləşdirməyin mümkün olmadığını deyib. Onun sözlərinə görə, dəstənin əsas hədəfi fermerlərin yaşadığı məntəqə olub və hücum edənlər odlu silahlardan istifadə ediblər.
Qeyd edək ki, silahlı dəstələr Port-o-Prensin böyük hissəsinə və şəhərə bitişik ərazilərin bir qisminə nəzarət edir. BMT-nin məlumatına görə, son bir neçə ay ərzində paytaxtın iki rayonunda ən azı 613 nəfər həlak olub, 375 nəfər xəsarət alıb. 18 000-dən çox insan isə evlərini tərk etmək məcburiyyətində qalıb.